"Bu gün daha yaxşı oynadıq". Matç.az saytı xəbər verir ki, bu sözləri "Araz" futzal klubunun baş məşqçisi Joze Alesio da Silva deyib.

 

Azərbaycan çempionu bu gün UEFA çempionlar Liqasının əsas mərhələsində son oyununu keçirib. Slovakiya "Luçeneç"inə məğlub olan (2:5) "Araz" qrupu 1 xalla üçüncü sırada tamamlayıb.

 

Qarşılaşma ilə bağlı affa.az və azfutzal.az saytlarına fikrini bildirən çalışdırıcı zədəlilərin çoxluğundan şikayətlənib: "Heyətlə bağlı problemlərimiz var idi. üç futzalçımız cəzalı, biri isə zədəli olduğuna görə bizə kömək edə bilmədi. Meydana buraxdığım oyunçuların əksəriyyəti arxada qalan 2 qarşılaşmanı əsasən ehtiyatda keçirmişdi. Matçın əvvəlində həyəcanlı olsalar da, bunu tez dəf etdilər. Birinci hissədə daha yaxşı çıxış etdik. Heyətlə bağlı problem ikinci hissədə özünü göstərdi. Oyunu cəmi 6 futzalçı ilə keçirməyimiz yorğunluğa səbəb oldu".

 

Braziliyalı mütəxəssis əlavə edib ki, indi kiçik klub anlayışı qalmayıb: "İlk gündən qrupun favoritinin "Vitis" olduğunu demişdim. Nəticələr fikrimdə yanılmadığımı göstərdi. Qrup mərhələsini 3 xal qazanmadan başa vurmağımız yaxşı hal deyil. Ancaq hər üç oyunda qələbə qazanmağa yaxın idik. Problemimiz qol epizodlarından düzgün istifadə edə bilməməyimizlə bağlıdı. Uşaqlar mübarizə apardılar. Yekun hamımız üçün üzücüdü".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest