"Biz təkcə futbolçumuz və ya hansısa əməkdaşımızla bağlı qərar vermirik. Bütün məsələləri nəzərə almalıyıq". Matç.az saytının məlumatına görə, bunu "Neftçi"nin prezidenti Kamran Quliyev deyib.
 
Klublar Komitəsinin bugünkü iclasından sonra brifinq keçirən Quliyev ölkə çempionatının geridə qalan turunda "Sabah"la qarşılaşmadan sonrakı bəyanata aydınlıq gətirib. Hansı ki, həmin bəyanat "Forza Neftçi" fan-klubunun ciddi narazılığına səbəb olmuşdu.
 
Klub rəhbəri bu addımı məhz fanatları qorumaq üçün atdıqlarını vurğulayıb və onlara xəbərdarlıq edib: "Son hadisələrdə qarşı tərəfin narazılığı var idi. Biz "Forza Neftçi"nin hər bir azarkeşinə dəstək olmaq istəyirik. Azarkeşlərimizin matçlarımıza gəlməsini və oyundan həzz almasını istəyirik. çalışırıq ki, emosiyalarını stadionda qoyub, evə rahat getsinlər. Hər bir azarkeşə dəyər veririk. öz komandamızın azarkeşinə isə daha çox dəyər veririk. Əlimizdən gələni edirik ki, yaxşı şəraitdə oyunlara baxsınlar. Müxtəlif proqramlarımız, oyunöncəsi əyləncələr var. Sadəcə, müraciətimiz budu ki, azarkeşlər özləri özlərini qorusunlar. Rəqibə mümkün dərəcədə qaydalar çərçivəsində təzyiq olsun. İnsanlar gəlib, hər hansı təhqiramiz ifadələr işlədə bilirlər. Futbolda belə hallar olur. Bunun qarşısını almaq mümkün deyil. İstəmirik ki, oyundan sonra "Neftçi"yə saysız-hesabsız şikayətlər gəlsin. Azarkeşlərimizə kömək etmək, dayaq olmaq istəyirik. Yaydığımız bəyanatın arxasında müəyyən narahatlıq var. Hər hansı bir aqressiv hərəkətləri sabah özlərinə ziyan vura bilər. Bu il ölkə kubokunda "Qəbələ" ilə ev oyunundan sonra bir neçə azarkeşimizi polislər bölməyə aparmışdılar. Bunu kim istəyər? Bəyanatımız da bununla bağlıdı ki, özünüzü qoruyun. Azarkeş öz komandasını dəstəkləməlidi. Bəyanatımız da onların xeyri üçündü".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest