Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Bakı Ekspo Mərkəzində XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi - "Bakutel-2018" ilə tanış olublar. Matç.az saytı AZƏRTAC-a istinadən xəbər verir ki, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə dövlətimizin başçısına və xanımına sərgi barədə məlumat verib.

Bildirilib ki, builki sərgidə 20 ölkədən 230 şirkət iştirak edir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Beynəlxalq Telekommunikasiya İttifaqı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə keçirilən sərgidə 10 ölkə – ABŞ, Türkiyə, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, İtaliya, Polşa, Xorvatiya, İran, Sloveniya milli pavilyonla təmsil olunur. Prezident İlham Əliyevə nazirliyin qurumlarının, müəssisələrinin məhsul və xidmətləri, həyata keçirdiyi layihələri barədə məlumat verilib.

Prezident İlham Əliyev məşhur futbolçu, fransız Rober Pireslə görüşüb. Pires 1998-ci ildə dünya çempionu, 2000-ci ildə isə Avropa çempionu olub. "Arsenal"ın liderlərindən olan Pires, həmçinin İngiltərə kubokunun qalibi və İngiltərə çempionudu. FİFA-nın 2000-ci il reytinqinə görə, o, dünyanın ən yaxşı 100 futbolçusundan biri olub. O, həmçinin gələn Bakıda keçiriləcək Avroliqa finalının səfiridi.

Qeyd edək ki, sərgidə ilk dəfə olaraq alman alimlərinin ixtirası olan ultra-modern texnologiyası əsasında "RoboKeeper" təqdim olunur. Bu, dünyanın ən sürətli qapıçısı hesab edilir. Hətta bir çox məşhur dünya futbol ulduzları da bu qapıçını məğlub edə bilmir. Rober Pires Prezident İlham Əliyevə Avroliqanın rəsmi topunu təqdim edib. Sərgi çərçivəsində Azərbaycanda poçt rabitəsinin 200 illik yubileyinə həsr olunmuş muzey də fəaliyyət göstərir.

2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqası turnirinin final oyununa hazırlıq kampaniyası çərçivəsində Bakıda səfərdə olan Rober Pires həmçinin Bakı Olimpiya Stadionunda aşağı yaş qruplarından ibarət komandalarda çıxış edən uşaqlar üçün təşkil olunan futbol festivalında iştirak edib. Fransalı veteran futbolçu AFFA-nın baş katibi Elxan Məmmədov, veteran futbolçu, UEFA Avropa Liqasının 2019-un səfiri Vəli Qasımov və AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Cahangir Həsənzadə ilə birlikdə uşaqların məşqini izləyib. UEFA Avropa Liqasının 2019-un final qarşılaşmasının keçiriləcəyi Bakı Olimpiya Stadionu ilə tanış olan fransalı qonaq uşaqlarla şəkil çəkdirib, onlara avtoqraf verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest