"Birinci hissədə 2 top fərqi ilə önə keçdik. Lakin fasiləyə bir nəfər azlıqda yollanmalı olduq". Matç.az saytı xəbər verir ki, bunu "Neftçi"nin yarımmüdafiəçisi Dario Frederiko "Sabah"la keçirilən çempionat oyununu dəyərləndirərkən deyib.

27 yaşlı futbolçu Braziliya mətbuatına açıqlamasında Topaz Premyer Liqasının XIII turunda "Sabah" üzərindəki 2:1 hesablı qələbə barədə danışıb. Hücumameyilli oyunçu çempion olmaq üçün bu cür görüşlərdə 3 xal qazanmalı olduqlarını söyləyib: "Qarşılaşmanın ikinci hissəsində rəqibin də oyunçusu qırmızı vərəqə aldı və oyunçuların sayı bərabərləşdi. Ancaq daha sonra yenidən biz azlıqda qaldıq. Bu matçda üzləşdiyimiz çətinliklərə baxmayaraq, sonda qələbə qazanmağı bacardıq. çempion olmaq istəyiriksə, mümkün qədər çox oyunda qalib gəlməli və zərurət yarandıqda bu üstünlüyü qorumalıyıq".

Dario Premyer Liqadakı əsas rəqibləri "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində "Sportinq"ə 1:6 hesablı məğlubiyyətinə də toxunub: "Şübhəsiz ki, belə böyükhesablı məğlubiyyət istənilən futbolçuya mənfi təsir edər. Ancaq onlar yaxşı bilirlər ki, bunun təsiri altında qalmaq olmaz. çünki çempionatda yarışı davam etdirirlər. Hesab edirəm ki, "Qarabağ" işlərini qaydasına sala biləcək".

Braziliyalı həmkarlarımız Frederikonun həyatı barədə də qısa məlumat verib. Bildirilir ki, 18 yaşına çatanda valideyinləri Darionun önünə şərt qoyub: ya futbolu seçib uğur qazanacaqsan, ya da başqa bir iş tapacaqsan. Qısa müddət supermarketlərin birində, daha sonra isə tikinti işində çalışan Dario bir neçə ay sonra "Korintians"a qəbul olunub və bütün ailənin xəyalını gerçəkləşdirib. Peşəkar futbolda ilk addımlarını isə "Flamenqo"nun heyətində atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest