"Qarabağ"ın prezidenti Tahir Gözəl klubun rəsmi saytına müsahibə verib.

Matc.az xəbər verir ki, o, əvvəlcə dünən çempionlar Liqasının I təsnifat mərhələsində Makedoniya "Sileks"i üzərində 4:0 hesablı qələbəni şərh edib.

- Əlbəttə, komandam qələbə qazandığı üçün çox sevincliyəm. "Qarabağ" 5 aydan çoxdur rəsmi görüşdə meydana çıxmırdı. Amma komandamız təcrübəsini, xarakterini ortaya qoyaraq qələbə qazandı. Baş məşqçimizi, bütün komandamızı təbrik edirəm. Uğurlu başlanğıc hər zaman əsas hədəfə getmək üçün yaxşı motivasiya sayılır. Hələ yolun başındayıq. Oyundan- oyuna performansımızı daha da artıracağımıza inanıram.

- Vurğuladınız ki, 5 ay sonra komanda ilk oyununa çıxdı. Bu qədər uzun müddətdən sonra belə inamlı qələbə gözləyirdinizmi?

- Açığı, mənim üçün komandanın hansı hesabla qələbə qazanmağı heç də əsas deyil. Əla qələbə qazandıq. Amma bu hesab bizi aldatmamalıdır. Vurulan 4 qol bizi arxayınlaşdırmamalıdır. Və ya bu qələbə heç də asanlıqla qazanılmadı. Futbolçular meydanın hər yerində mübarizə apardılar. Bilirik ki, hələ çox işləməliyik, getdikcə bizi daha çətin qarşılaşmalar gözləyir. Bugünkü qələbədən məmnunam. Amma artıq bu oyunu unudub növbəti matçları fikirləşmək lazımdır.

- ötən mövsümlə müqayisədə komandada ciddi dəyişikliklər olub. Heyət yenilənib və gəncləşib. Sizin hər zaman fikirlərinizdə gənclərə önəm verdiyinizi görmək olar.

- Əlbəttə, "Qarabağ"da nə qədər çox yerli gənc olsa, o qədər yaxşı olar. Bunu mən həmişə vurğulamışam. Amma unutmayaq ki, "Qarabağ" daim hədəfləri olan komandadır. Uğur yolunda təcrübə mühim amildir. Bilirəm ki, Qurban müəllim mümkün olduğu qədər gənclərə şans verməyə çalışır. Bugün heyətimizdə yetərincə gənc var. Qurban müəllimlə işləmək onlar üçün əla şansdır. Mən inanıram ki, onların gələcəkdə Maksim Medvedev, Qara Qarayev olmaq şansları var. Bunun üçün üzərlərində çalışmalı və hazır olmalıdılar.

- "Qarabağ"da yeni adlar görə biləcəyikmi?

- Biz dəfələrlə demişik ki, transfer məsələlərində bütün səlahiyyətlər komandamızın baş məşqçisi Qurban Qurbanova aiddir. Bilirsiniz, mövcud pandemiya səbəbindən transfer məsələləri olduqca mürəkkəbləşib. Həm çempionatlardakı qarışıqlıq, həm də iqtisadi durum futbolçu seçimini, transferini qəlizləşdirib. Buna baxmayaraq arayışlar davam edir. "Qarabağ"ın fəlsəfəsinə, adına və tələblərinə uyğun futbolçuları sıramıza qatmağa çalışacağıq.

- "Qarabağ"ın növbəti rəqibi "Şerif" (Moldova) - "Fola Eş" cütünün qalibi olacaq. Bu mərhələdə yenidən - sayca 3-cü dəfə "Şerif"lə qarşılaşmaq ehtimalı var. Komandamızın bu mərhələdə şansını necə görürsünüz?

- Hər nə qədər "Şerif"in şansı yüksək qitmətləndirilsə də, çempionlar Liqasında matç bitmədən danışmaq düzgün olmaz. Düzdür, "Şerif"in evdə oynadığını nəzərə alsaq, qələbəyə yaxın görünür. Moldovalılarla oynayası olsaq, işimizin heç də asan olmayacağını söyləmək olar. Nəzərə alsaq ki, hər iki halda "Şerif"i məğlub etmişik bizimlə qarşılaşmaya revanş kimi baxa bilərlər. İstənilən halda mən komandama inanıram. Amma yenə də bu barədə oyundan sonra danışmaq daha düzgün olar.

- Mahir Emreli qol vurduqdan sonra əsgər salamı verməklə yadda qaldı. Hücumçumuzun bununla iyul hadisəsi zamanı qəhrəmanları yad etməsini necə qarşıladınız?

- Əlbəttə, bu hadisə məni çox duyğulandırdı. Artıq 17 ildir "Qarabağ"a rəhbərlik edirəm. Və bu müddət ərzində komandadan tək istəyim olub: "Qarabağ"ın, Azərbaycanın naminə meydana çıxdığınızı unutmayın". Klubda mütəmadi olaraq Qarabağ - Azərbaycan həqiqətlərinin mahiyyəti barədə iş görülür. Mahirin bu hərəkəti klubun fəlsəfəsinin, görülən işlərin bariz nümunəsi idi. Əsl "Qarabağ" futbolçusu ölkəsinə, bəşəri hadisələrə duyarlı olmalı və əlindən gələnin ən yaxşısını etməlidir.

- İyul hadisələri zamanı "Qarabağ"da oynamış futbolçuların sosial şəbəkələrdə Azərbaycanı dəstəkləməsiylə bağlı təşəkkür ismarışı vermişdiniz. ümumiyyətlə, bunu klubun bu yöndə davamlı fəaliyyətinin bəhrəsi kimi qiymətləndirmək olarmı?

- çox sevinirəm ki, komandamızın futbolçuları hansı klubu təmsil etmələrinin fərqindədirlər. "Qarabağ"ın formasını geyinən hər bir futbolçu onun hansı bölgəni təmsil etməsini, nəyə xidmət etməsini, formasının ağırlığını anlamalıdır. İyul hadisələri zamanı nəinki hazırkı, eyni zamanda sabiq futbolçularımız Qarabağa, Azərbaycana sadiqliyini, sevgisini nümayiş etdirdilər. Eyni zamanda 2016-cı ilin aprel döyüşləri zamanı ordumuzun qəhrəmanlıqları da futbolçularımızın diqqətində idi. Xocalı faciəsi bəşər tarixinin ən ağır səhifələrindən biridir. 26 fevral günü mənim üçün ən önəmli məsələ komandamla bu hadisə qurbanlarının xatirəsini yad etmək və futbolçuların şüurunda bu hadisəyə xüsusi yer etməkdir. Mənim üçün idman uğurlarından daha çox idman əxlaqı önəmli olub. Əgər bir klubda bunu formalaşdırsan, uğur özü da gələcək. Mən buna həmişə inanmışam. Respublikamızın Prezidenti Cənab İlham Əliyev "Qarabağ"ı qəbul edərkən klubun idman nailiyyətləriylə yanaşı, duruşunu, mənəviyyatıni xüsusilə vurğulamasını, komandanın Qarabağ həqiqətlərinin dünyaya çatdırılması yönündə spesifik rolunu bildirməsi düzgün yolda olmağımızın göstəricisidir. Bu bizi qürurlandırmaqla yanaşı, yeni hədəflərə kökləyir. Biz mənəvi gücümüzü adımızdan, ölkə başçısından tutmuş sadə vətəndaşına qədər bir olan inamdan alırıq.

- "Qarabağ"ı bu il yenidən qruplarda görə bilərikmi?

- Mənim komandama inamım hər zaman sonsuz olub. Bəlkə də 10-15 il bundan qabaq kimsə desəydi ki, "Qarabağ" çempionlar Liqasında oynayacaq, ardıcıl 6 avrokuboklarda qrup mərhələsində iştirak edəcək, heç kim ona inanmazdı. Amma o gün də, bugün də komandama inanıram. "Qarabağ" artıq nəinki Azərbaycanda, eyni zamanda Avropada özünəməxsus markadır. İnanıram ki, komandamız yenə də inanılmazı bacararaq uğurlu nəticələr əldə edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest