"Azərbaycanla bu il yoxlama görüşləri keçirdik, məşqçiləri ilə ünsiyyət qurduq. Hazırda onların futbol sistemində xeyli avropalı çalışır"

"Elit-raund matçlarının Rusiyada keçirilməsi əladı. Azarkeşlərimizin isti dəstəyinə ehtiyacımız olacaq. Püşkatmanın nəticəsindən razıyam, çünki çıxa biləcəyimiz bir qrupa düşmüşük". Matç.az saytının məlumatına görə, bunu Rusiyanın U-19 yığmasının baş məşqçisi Andrey Qordeyev deyib.

Bu gün U-19-lar arasında Avropa çempionatının elit-raundunun püşkatma mərasimi keçirilib. Azərbaycan millisi 1-ci qrupda İrlandiya, Rusiya və Rumıniya ilə mübarizə aparacaq.

Rusiya Futbol İttifaqının rəsmi saytına açıqlama verən Qordeyev püşkü dəyərləndirib. O, yığmamız barədə də fikir bildirib: "Kifayət qədər bərabər səviyyəli komandaların yer aldığı qrupa düşmüşük. Rəqiblərimiz barədə ətraflı məlumatımız yoxdu. Rumıniya və İrlandiya yaxşı təşkilatlanmış komandadı. İrlandlar ilk seçmə mərhələdə qrupun bütün oyunlarında qələbə qazandılar. Bu səbəbdən birinci səbətdə yer almışdılar. Bunu nəzərə alsaq, İrlandiyanı Avropa səviyyəli komanda saymaq olar. Azərbaycanla bu il yoxlama görüşləri keçirdik, məşqçiləri ilə ünsiyyət qurduq. Hazırda onların futbol sistemində xeyli avropalı çalışır. Aşağı yaş qrupu komandaları sürətlə inkişaf edir və əsas milli üçün çalışırlar. Elit-raunda çıxmaları çox şeydən xəbər verir. Bütün oyunlar çətin keçəcək və hər bir komandanın qrupdan çıxmaq şansı var. Tezliklə rəqibləri daha ətraflı təhlil edəcəyik".

Qeyd edək ki, Sumqayıt futbolunun yetirməsi, "Neftçi"nin sabiq qapıçısı Dmitri Lukoşkin hazırda Rusiyanın U-19 yığmasında qapıçılarla işləyən məşqçi funksiyasını yerinə yetirir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest