UEFA koronavirusla əlaqədar təxirə salınan çempionlar Liqası və Avropa Liqasının təsnifat mərhələsinin oyunları ilə bağlı yekun qərarını açıqlayıb.
 
Matc.az xəbər verir ki, bu barədə qitə futbol qurumunun mətbuat xidməti məlumat yayıb.
 
Belə ki, çL-in 1-ci təsnifat mərhələsi çərçivəsində avqustun 19-da Farer adalarının "Klaksvik" klubu ilə qarşılaşmalı olan Slovakiya "Slovan"ına 0:3 hesablı məğlubiyyət verilib. UEFA Bratislava təmsilçisinə hətta əvəzedici komandanın üzvləri ilə oynamaq üçün şans yaratsa da (matç avqustun 21-nə təxirə salınmışdı), həmin oyunçularda da koronavirus aşkarlanması texniki məğlubiyyəti qaçılmaz edib. Bu qərardan sonra "Klaksvik" oynamadan mərhələ adlayıb. Farer adaları təmsilçisi 2-ci təsnifat mərhələsində İsveçrənin "Yanq Boyz" klubu ilə qarşılaşacaq.
 
Avropa Liqasının ilkin mərhələsində isə Kosovo "Priştina"sı Cəbəllütariqin "Linkoln Red İmps" klubu ilə üz-üzə gəlməli idi. Amma Kosovo təmsilçisinin heyətində 8 futbolçuda koronavirus aşkarlandığı üçün, matç təxirə salınmışdı. Kosovo klubu fərqli heyətlə oynamaq istəsə də, yeni oyunçularda da koronavirusa yoluxanlar tapıldığı üçün, qarşılaşmanın ləğvinə qərar verilmişdi. Artıq UEFA "Priştina"ya da 0:3 hesablı texniki məğlubiyyət verib. Oynamadan mərhələ adlayan "Linkoln Red İmps" Avroliqanın 1-ci təsnifat mərhələsində Lüksemburqun "Union" Titus Petange" klubu ilə münasibətlərinə aydınlıq gətirəcək.
 
UEFA daha öncə çL-də Kosovonun "Drita" klubuna da texniki məğlubiyyət vermişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest