"Dediyim budu ki, özümüz özümüzə dəyər verməyi öyrənməliyik. Tam ciddi deyirəm, kənarda qalan azərbaycanlılardan komanda qursalar, çempionluğa oynayarlar"

"Keşlə" və "Sumqayıt"ın Avroliqada mübarizəni ilk mərhələdə dayandırmasına çox üzüldüm. Bildiyiniz kimi, hər iki komandada oynamışam". Matc.az xəbər verir ki, bu sözləri millimizin sabiq hücumçusu Vaqif Cavadov deyib.

Son vaxtlar klubsuz qalsa da, karyerasını bitirməyən Cavadov əlavə edib ki, hər iki komandanı  - həm "Laçi" (Albaniya), həm "Şkendiya"nı (Makedoniya) yenmək lazım idi: "Onlar Bakıdan qələbə ilə qayıdacaq komandalar deyildilər. Kimisə aşağılamaq istəmirəm. Amma bu gün "Keşlə" və "Sumqayıt"ın heyətindəki legionerlərin sıravi yerlilərdən belə, güclü olmaması acı həqiqətdi. Premyer Liqamızda cəmi 8 komanda var. Bu sayda lazımsız legioner kimə lazımdı? Əcnəbi futbolçular da olmalıdı. Ancaq hər yoldan keçəni legioner adı ilə komandaya götürürsənsə, uğursuzluqlar qaçılmazdı. Komandada komanda ruhu olmalıdı. Meydana çıxanlar həm oyuna yaxşı köklənməlidilər, həm də belə oyunlarda nə isə edə biləcək səviyyələri olmalıdı".

O, maddi sıxıntı çəkən ölkə təmsilçilərinini klubsuz qalan yerli futbolçuların xidmətindən istifadə etmək istəmədiklərinə görə qınayıb: "özümdən danışsam, düzgün alınmaz. Ancaq bu gün kənarda qalan azərbaycanlıların yarısından çoxu avrokuboklarda "Keşlə" və "Sumqayıt"a kömək edə bilərdilər. Pulları yoxdursa, "gəl, filan müddətə qədər pulsuz oyna" deyə bilərdilər. Azərbaycan futbolu naminə mən də oynayardım, bacardığımı edərdim! Elvin Məmmədov 6 ay futbolsuz qaldı. Pulsuz oynamaq istəyirdi, "Sumqayıt"a götürmürdülər. Bıçaq sümüyə dirənənədə yada düşdü... Vaxtında götürsəydilər, daha yaxşı formada olardı. Dediyim budu ki, özümüz özümüzə dəyər verməyi öyrənməliyik. Tam ciddi deyirəm, kənarda qalan azərbaycanlılardan komanda qursalar, çempionluğa oynayarlar". (fanat.az)

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest