"Keşlə"nin "Laçi"ni keçə bilməməsi sıradan məğlubiyyət deyil. Buna "futbolda udmaq da var, uduzmaq da" deyib, keçə bilmərik. çünki tanıyırıq, görürük. Görünən odu ki, bəlkə də dünyanın ən özbaşına klubu "Keşlə"di.

ümumiyyətlə, bu adı daşıyandan sonra heç vaxt futbol ictimaiyyəti tərəfindən ciddi qəbul olunmayıb. Heç məqsədi də bəlli deyil. Yəni, "Keşlə"nin dünənki avroliqa oyununda hədəfinin mərhələ keçib-kəçməmək olduğunu tam əminlikə demək olmur. Bu, oxuculara qeyri-adi gələ bilər. Ancaq onlar da nəzərə alsınlar ki, söhbət heç də adi klubdan yox, Zaur Axundov kimi rəhbərin olduğu "Keşlə"dən gedir.

Axundov kluba ciddi yanaşmır. Onun üçün fərqi yoxdu, komanda da baş məşqçi kimdi, futbolçular hardan gəlib, dünənki görüşün mahiyyəti nədi. Guya ki, Zaur bəyin işi-gücü qurtarıb, komandasının mərhələ keçməsinin Azərbaycan futboluna xeyri dəyəcəyini hesablayacaqdı...

Adam illərdi "Keşlə"nin rəhbəridi. Dəfələrlə paltardəyişmə otağına girib, futbolçulara, baş məşqçiyə ağzına gələni deyib, hakimlər  otağına basqın edib. Bu tipdə, bu düşüncədə biridi. Onun aləmində futbol başı boşların o tərəfə, bu tərəfə qaçmasıdı. Başa düşmək lazımdı, adamın futboldan xəbəri yoxdu. İndi belə bir adama necə izah edəsən ki, ay müəllim, Tərlan Əhmədov pis-yaxşı bu komandanı avrokuboklara gətirib, hazırlayıb, bu klub üçün tarixi nəticə də ola bilər, belə bir məqamda baş məşqçi dəyişməzlər və s.

Allah bilir, hətta bu cür ciddi məsələdə belə Axundova irad tutmaq olmaz. çünki o, bunlara gülür, hətta bəlkə də haqlı irad deyənlərə dəli kimi baxır. Axı o futbola  "Tərlan yoxdu, Yunis var, guya məşqçi nə edir ki?" düşüncəsi ilə baxır. Soruşanda da deyəcək ki, topları var, stadion var, forma da almışıq, ayrı nə edim?

Belə baxanda düz deyir. Zaur Axundov kimi adamın klubunda ötürmə verməyi bacaran futbolçunun olması belə böyük uğurdur. Ən azından kənardan belə görünür. Ancaq etiraf edək ki, son penaltini İlkin Qırtımovun əvəzinə Zaur Axundov özü vursaydı, bəlkə də qol olardı...

HƏSƏN

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest