AFFA-nın İcraiyyə Komitəsinin bu gün keçirilən iclasından sonra qurumun baş katibi Elxan Məmmədov jurnalistlərin suallarını cavablandırıb. Matç.az saytı xəbər verir ki, assosiasiya rəsmisi yığıncaq barədə fikirlərini bildirib.

-  İclasda hansı məsələlər müzakirə olundu?

-  4 əsas məsələ var idi. Biri milli komandanın son bir ildəki nəticələri idi. Sonra aşağı yaş millilərinin baş məşqçilərinin müqavilələrinə xitam verilməsi ilə bağlı müzakirələr aparıldı. Hakim və Hakim-İnspektorlar Komitəsinin sədri Frits Ştuxlikin hesabatı dinlənildi. Həmçinin, lisenziyalaşdırma ilə bağlı "A" meyarına uyğun olaraq maliyyə şəffaflığı ilə bağlı müvafiq qərar qəbul edildi.

Bildiyiniz kimi, Qurban Qurbanov ötən il milli komandaya baş məşqçi təyin edilmişdi və o, eyi zamanda "Qarabağ"ı da çalışdırırdı. Nəticələr və fəaliyyətə baxıldıqdan sonra qərar qəbul edildi ki, fəaliyyətini bir işdə davam etdirsin və yığma komandanın baş məşqçisi kimi müqaviləsinə xitam verilsin. Bizim üçün "Qarabağ"ın beynəlxalq arenada və daxili çempionatda uğurlu çıxışı və gələcək inkişafı çox vacibdi. Başa düşürük ki, iki komandanın baş məşqçisi olmaq çox ağır yükdü ötən il İK qərarı qəbul edərkən düşünürdü ki, bu yük və məsuliyyət elə də ağır deyil. Ancaq təcrübə göstərdi ki, 4 fərqli yarışda iştirak etmək çox çətindi. Buna görə də müqaviləyə xitam verildi. AFFA prezidenti və İK üzvləri Qurban müəllimə minnətdarlığını bildirdi. O, son 12 ayda əziyyət çəkdi. Təəssüf ki, Millətlər Liqasında uğurlu nəticə əldə olunmadı, ancaq böyük əziyyətlər oldu.

Keçən il aşağı yaş millilərinə də yeni təyinatlar edilmişdi. Yalnız Vüqar Məmməd daha əvvəldən AFFA ilə əməkdaşlıq etmişdi. Biz bu bir ildə məşqçilərdən strategiya gözləyirdik. Ancaq gördük ki, uğursuz nəticələr oldu. ümumi olaraq uzunmüddətli strategiya və plan təqdim olunmadı. Elit-raunda yüksələn U-19-un çalışdırıcısı Vüqar Məmməd istisna olmaqla, digər yığmaların məşqçiləri ilə müqavilələrə də xitam verildi.

UEFA-nın yeni tələbləri nəzərə alınaraq, klubların daxilində maliyyə şəffaflığı təmin olunmalıdı. İK qərar qəbul etdi ki, klublar ildə bir dəfə gəlirləri ilə bağlı məlumatları şəffaf şəkildə ictimaiyyətə təqdim etməlidi. Xərc hissələri ilə bağlı isə hələlik yalnız uşaq futboluna ayrılan vəsaitlər açıqlanmalıdı.

Hakimlər Komitəsinin sədri son 3 ayla bağlı hesabat təqdim etdi. Növbəti 13 aylıq planlar təqdim edildi. Hesabat qəul olundu.

-  Açıqlamalarınız bir-birini inkar edir. Qurbanovla ötən il uzunmüddətli müqavilə bağlanması ilə qəbul olunurmu ki, İK üzvləri yanlış qərar qəbul etmişdi? Digər tərəfdən Qurbanov "Qarabağ" düşünülərək, göndərilirdisə, aşağı yaş millilərindəki məşqçilərlə yollar niyə ayrılır?

-  İK-nın keçən il qərar qəbul edərkən nəzərə aldığı amillər var. Hər addım müzakirə olunmuşdu. Deyilmişdi ki, bu, ağır yükdü, iki komandada baş məşqçi olmaq çətindi və bu, Qurban Qurbanovdan soruşuldu. O da qeyd etdi ki, bu yükü götürməyə tam hazırdı. Heç kim deyə bilməz ki, hər qərar yüz faiz doğrudu. Bəzi üzvlər tərəfindən etiraf da olundu ki, həmin zaman bu məsələyə daha dərindən baxılmalıydı. Millinin 70 faizi "Qarabağ"ın futbolçularından ibarət idi, ancaq indi belə deyil. İkinci suala gəlincə, əsas milli digərlərindən ayrıdı. Digərlərində isə çoxsaylı təlim-məşq toplaışları olur. Demək olar ki, hər ay bunlar təşkil olunub. Ancaq biz gördük ki, bunun faydası yoxdu. Məsələn, U-17 nəticə vermir, həm də intizam yoxdu. əgər komanda beynəlxalq oyuna çıxırsa və 4 "qırmızı" alırsa, bu, komandanın böyük problemidi. İK da başa düşür ki, bunları həll etməliyik. Söhbət tək nəticədən getmir, qələbə qazanmaq da, məğlub olmaq da olar, feyr-pleyi pozmamalıyıq. Dünyada bunu ciddi təbliğ edirlər. Gənc futbolçularımız da buna uyğun davranmalıdılar. U-19-un nəticəsi oldu və Vüqar Məmmədlə tola davam edəcəyik.

-  Millinin yeni baş məşqçisi əcnəbi olacaq? Onu da nəzərə almaq lazımdı ki, Avropa çempionatının seçmə mərhələsinə çox az vaxt qalıb...

-  İcraiyyə Komitəsinin üzvləri və AFFA prezidenti artıq katibliyə tapşırıq verib. Namizədlərin siyahısı hazırlanmalı və rəhbərliyə təqdim olunmalıdır. Mövzu əcnəbi və yerli mütəxəssisdən getmədi. Namizədləri Məşqçilər Komitəsi ilə müzakirə edəcəyik. Onların fikrini bilmək çox vacibdir. Namizədlərin siyahısı hazırlanacaq və rəhbərliyə təqdim olunacaq.

-  İclas nə zaman olacaq?

-  İlin sonuna qədər iclası reallaşdıracağıq.  Aç-nın seçmə mərhələsinə az vaxt qalıb və yeni məşqçi komandasını tanımalıdır. İlin sonu və ya yanvar ayının əvvəli növbəti iclasımız olacaq.  

-  Uğursuzluqlardan sonra Qurban Qurbanov bildirmişdi ki, hər şeyə yenidən başlamalıyıq. Siz nə düşünürsünüz?

-  Təbii ki, baş məşqçi futbol tərəfini fikirləşir. Lakin mən deyə bilmərəm ki, Qurban müəllim nəyi düşünür. 

-  Hakimlər Komitəsinin tərkibində kimlər yer alacaq?

-  Bütün strukturu təqdim edəcəyik. 

-  Millinin uğursuzluqlarından sonra mediada və sosial şəbəkələrdə daha çox sizin adınız çəkilir...

-  Növbəti həyatımda futbolçu olmağa çalışaram. Bilirsiniz, süni şəkildə hər şey ola bilər. Sərbəstlikdi, hər insan istədiyi fikri irəli sürə bilər.  Şərt odur ki, təhqir etmədən. Biz sağlam tənqidi alqışlayırıq, bundan nəticə çıxarmağa çalışırıq. İnsanın şəxsi həyatı da belədi. Hər insan sağlam tənqidi qəbul etməlidi. Bu gün AFFA olaraq, bütün milli komandalara dəstək göstərmişik. Elə bir təlim-məşq toplanışı yoxdu ki, subyektiv yanaşaq və onu ləğv edək. Bu, dəfələrlə müzakirə olunur. Biz şərait yaradırıq, uşaq futboluna dəstək veririk.

-  - Uşaq futboluna diqqət ayrılsa da, heç bir səviyyədə inkişaf olmur. Bunun səbəbi nədir?

-  O suala klublar cavab verə bilər.  AFFA bütün yarışları təşkil edir. Ola bilər, səhv etmişik, 7-8 yaşlı uşaqlar üçün yarışlar olmalıdır. UEFA uşaq futboluna görə klublara pul ayırır və bu vəsaitə yaxşı akademiya təşkil etmək olar. 

-  Millidəki postundan istefa verən məşqçilər futbolçu qıtlığından şikayətlənirlər. Bu cümlənin işlədilməsində sizin və AFFA-nın günahı nə qədərdi?

-  Hazırda çempionatımızda 8 komanda çıxış edir. Limitə uyğun olaraq minimum 5 futbolçu meydanda olmalıdı. Digər 5 nədəf isə ehtiyatda oturmalıdı. Bu, 80-ə yaxın futbolçu edir. "Sumqayıt" daha çox yerli futbolçulara güvənir, futbolçu sayı çoxdur. "Sumqayıt" milliyə düşə biləcək futbolçular güvənir və bu, yaxşı haldı. Keyfiyyətə gəlincə, bunu AFFA və PFL müəyyən edə bilməz.  Ona görə də bu sualları klublara vermək lazımdır. Ola bilər ki, hardasa səhv var. Düşünmürəm ki, bizdə seçim azdı. İstərdik ki, 200 nəfər olsun, amma faktiki budu. Robert Prosineçki deyirdi ki, 45 nəfər seçimim var. Berti Foqtsun vaxtnda 12 komanda var idi və o, 60 nəfər olduğunu deyirdi. Belə məsələlər var.

-  Maliyyə məsələsi ilə bağlı xərclər açıqlanmayacaq? Ancaq bu, daha vacib məqamdı...

-  İki il ərzində 100 faizlik şəffaflıq sistemi tətbiq olunacaq. Bunun üçün vaxt lazımdı. 24 ay ərzində mərhələ-mərhələ bunu həyata keçirmək istəyirik. Bu gün AFFA-nın gəlirləri də, xərcləri də şəffaf şəkildə açıqlanır. Bu artıq son 9 il ərzində edilib. İctimaiyyət bilməlidi ki, klub nə qədər pul xərcləyib, sponsordan nə qədər maliyyə daxil olub.

-  AFFA aşağı yaşlılar arasında liqalar təşkil edir, ancaq struktur düzgün deyil sanki. Məsələn, 12 komanda iştirak edir, 4-ü final mərhələsnə yüksəlir, qalan 8 komandadakı uşaqlar "itir"...

-  Tamamilə razıyam. Bernard Lippertin hesabatının əsas qırmızı xətlə olanları da məhz bunlar idi. Bu, böyük problemdi. İstəyirik ki, hər liqada finalçılar müəyyənləşəndən sonra ikinci kubok yaradaq. UEFA özü də bu intensivliyi nəzərə alıb, UEL-2-ni yaratdı.

-  AVRO-2020-nin seçmə mərhələsi üçün hədəf nə olacaq?

-  Hədəf daha əvvəlki illərə müqayisədə daha yaxşı nəticə qazanmaqdı. Ancaq gəlin, əvvəlcə yeni baş məşqçini müəyyənlədirək, sonra hədəflər barədə danışaq.

-  Baş məşqçiyə görə hədəflər dəyişir?

-  Yox, təbii ki, dəyişmir. Ancaq biz reallığı nəzərə almalıyıq. 2020-ci il çempionatı çox vacibdi. çünki ev sahibliyi edəcəyik. Vəsiqə qazansaq, iki oyunu Bakıda keçirəcəyik. Yeni baş məşqçi ilə danışıqlar zamanı AVRO-2020-nin niyə vacib olduğu izah ediləcək. 2016-da demirdik, 2024 üçün də ola bilər deməyək. Ancaq indi bu, çox vacibdi.

-  Yeni baş məşqçidən tələblər nə olacaq?

-  Eyni tələblərdi. Daha yaxşı nəticə qazanmaq və AVRO-2020.

-  Daha yaxşı nəticə hansıdı?

-  Əvvəlki illəri nəzərə almalıyıq.

-  Qrupda 4-cü yer?

-  4-cü yer və ya 11 xaldan çox. Ancaq 2020-ci ilə bizim üçün xüsusilə vacibdi.

-  Bernard Lippert işinə davam edəcək?

-  Müqaviləsi davam edir. Ola bilər ki, gələn il tərk etsin.

-  Dediz ki, aşağı yaş qruplarının məşqçilərinin istefası nəticə verməmələrinə görə oldu. Ancaq ziddiyyət yaranır ki, onlara nəzarət etməli olan şəxs postuda qalır...

-  Son 12 ayda Lippert ancaq müşahidə edirdi. Gənclərdən ibarət millilərin baş məşqçiləri şərt qoymuşdular ki, onların işinə heç kim qarışmasın. Buna görə də Məşqçilər Komitəsinin üzvləri də, Lippert də daha çox müşahidəçi kimi gedirdi oyunlara.

- 10 ildi postunuzdasız. Uğursuzluqlar olduqca baş məşqçilər dəyişdirilir. Mümkün deyil ki, bu qədər uğursuzluqda AFFA-nın strukturunun rolu olmasın. Ancaq niyəsə federasiyada hər hansı istefa, dəyişiklik müzakirə olunmur. Absurddu ki, idarəçilərdə heç bir problem yoxdu...

-  Bu, sizin şəxsi fikrinizdi. Absurd sizin üçün görünə bilər, futbol ictimaiyyətində belə bir fikir səsləndirilməyib.

-  Sosial şəbəkələrdə hər kəs sizi səbəbkar görür...

-  Sosial şəbəkələri əsas götürə bilmərik. Geniş futbol ictimaiyyəti var, AFFA-nın üzvləri var, dolayı üzvləri var və s.

-  Qurban Qurbanov İcraiyyə Komitəsindən getmək istədiyini bildirdi. Bu məsələ nə yerdədi?

-  Bu, hesabat Konfransının işidi. Orda seçilir üzvlər. Bu məsələ Konfransda qaldırılacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest