İtaliyanın "Kalyari" klubu heyətini yeni futbolçularla gücləndirib.
 
Matc.az xəbər verir ki, sözügedən klub "Fiorentina"nın yarımmüdafiəçisi Rikkardo Sottil və "Peskara"nın müdafiəçisi Qabriele Zappanı sıralarına qatıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. A Seriyası təmsilçisi hər iki futbolçunu satınalma şərti ilə icarəyə götürüb.
 
Peşəkar karyerasına məhz "Fiorentina"da başlamış Sottil, 2018-ci ildən Florensiya klubunun əsas komandasında çıxış edirdi. 21 yaşlı vinger 2019-cu ildə "Peskara"da da icarədə olub. O, həm də İtaliyanın gənclərdən ibarət yığmasının üzvüdür. Sottil geridə qalan mövsümdə "Fiorentina"da 21 rəsmi oyuna çıxıb.
 
Zappa isə "İnter"in yetirməsidir. 20 yaşlı italyan müdafiəçi Milan təmsilçisinin əsas komandasında debüt etmədən 2019-cu ildə "Peskara"ya transfer olunub. Qabriele də İtaliyanın U-20 yığmasının üzvüdür.
 
"Kalyari" öz oyunçularından Luka Qalyano ilə də yeni müqavilə bağlayıb. 20 yaşlı hücumçu yetirməsi olduğu klubla 3 illik yeni müqaviləyə imza atıb. Amma "Kalyari" futbolçunu aşağı liqa təmsilçisi "Olbiya"ya icarəyə göndərib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest