"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Arsenal" öz göstəricisini təkrarlayıb. Matç.az saytının yerli mətbuata istinadən məlumatına görə, "topçular" buna Premyer Liqanın VIII turunda "Fulhem"lə matçda nail olub.

Səfərdə qələbə qazanan Unay Emerinin yetirmələri cari mövsümdə bütün turnirlərdə ardıcıl 9-cu qalibiyyətlərini əldə ediblər. Belə ki, "kanonirlər" avqustun 25-də başlayan uğurlu seriyada "Vest Hem" (3:1), "Kardiff" (3:2), "Nyukasl" (2:1), "Vorskla" (4:2), "Everton" (2:0), "Brentford" (3:1), "Uotford" (2:0), "Qarabağ" (3:0) və "Fulhem"i (5:1) məğlubiyyətə uğradıb.

Bununla "Arsenal" 3,5 ildən sonra ilk dəfə belə seriya yaxalayıb. Komanda 2015-ci ilin mart-aprel aylarında da bunu bacarmışdı. Həmin vaxt londonlular Premyer Liqanı 3-cü pillədə tamamlamış və İngiltərə Kubokunu qazanmışdı.

Qeyd edək ki, "Arsenal" 8 turdan sonra ölkə çempionatında 4-cü yerdə qərarlaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest