AFFA Polşada "Legiya" və "Qarabağ" arasında keçiriləcək Avropa Liqasının pley-off oyunu ilə əlaqədar UEFA-ya müraciət ünvanlanıb. Matc.az milli assosiasiyanın rəsmi saytına istinadən məlumatına görə, bu addım son günlər Ermənistan – Azərbaycan qoşunlarının təmas xəttində erməni hərbi birləşmələrinin yol verdiyi təxribatçı hərəkətləri nəzərə alınaraq, atılıb. 

Müraciətdə Avropa Liqasında qrup mərhələsinin 2019-cu il oktyabrın 3-də Lüksemburq şəhərindəki "Josy Barthel" stadionunda keçirilmiş "Düdelanj" – "Qarabağ" oyununun gedişində erməni təxribatçılar tərəfindən üzərində parça asılmış idarə olunan uçuş aparatının meydanın mərkəzinə doğru yönəldilməsi faktı xatırladılıb. Bildirilib ki, "Legiya" – "Qarabağ" oyununda ermənilərin siyasi xarakterli təxribatçı addımlara yol verilməməsi üçün UEFA-nın qarşılaşmaya xüsusi diqqət və həssaslıqla yanaşması vacibdir.

Qeyd edək ki, oktyabrın 1-də Polşanın paytaxtı Varşavadakı "Wojska Polskiego" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:00-da başlanacaq. 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest