"Kəpəz"in ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionu da erməni terrorundan zərər görən obyektlər sırasındadır.
 
Matc.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.
 
Gecə saatlarında Gəncədə dinc əhalini xaincəsinə hədəfə alan düşmənin artilleriya zərbəsi nəticəsində bir çox obyektlər kimi, yaxın ətrafda olan arenaya da zərər dəyib. Yarıməsrdən çox tarixi olan stadionda hazırda vəziyyət şəkillərdən göründüyü kimidir. Məlum hadisədən sonra stadionun inzibati binasında qapı və pəncərələrin çərçivələri yerindən çıxıb, şüşələr qırılıb.
 
Arena "Kəpəz" Peşəkar Futbol Klubu tərəfindən balansında olduğu Gəncə şəhər Gənclər və İdman Baş İdarəsindən uzun müddətə icarəyə götürülüb və arena klub üçün baza rolunu oynayır. "Kəpəz"in əsas və müxtəlif yaş qrupları üzrə komandaları məşqlərini və oyunlarını burada keçirir.
 
Gecə stadionda mühafizə xidmətinin əməkdaşları və pansionatda qalan gəlmə futbolçular olub. Xoşbəxtlikdən, xəsarət alan olmayıb.
 
Stadiondakı vəziyyətlə bağlı müvafiq qurumlara məlumat verilib.
 
 



XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest