"Biz kömək edəcəyik. Biz məcburi köçkünlər üçün tikinti proqramına əsasən təkcə bu il 7 min mənzil istifadəyə verəcəyik. Təsəvvür edirsinizmi? Orta hesabla hər mənzildə 5 nəfər nəzərdə tutulsa, biz bir ildə 35 min nəfəri yerləşdirəcəyik. Yəni bu, kiçik və ya hətta bizim şəraitdə orta ölçüdən böyük bir şəhər deməkdir". Bunu Prezident İlham Əliyev Rusiyanın RBK televiziya kanalına müsahibəsində deyib.
 
Dövlət başçısı bildirib ki, zərər çəkmiş 300 mindən çox köçkün artıq yerləşdirilib: "Köçkünlər üçün şərait yaratmaq məqsədilə biz hər il büdcədən külli məbləğdə vəsait ayırırıq. Hər bir köçkün hər ay dövlətdən müavinət alır. Demək istəyirəm ki, orada biz bu işləri görəcəyik. Biz Cəbrayılı təzədən tikəcəyik. Bütün kəndləri yenidən quracağıq. Orada yaşayacaq insanlar tikinti işlərinə cəlb ediləcəklər. Onlar öz evlərini bərpa etmək üçün məvacib alacaqlar. Oraya həyat qayıdacaq, oraya uşaqların gülüşü qayıdacaq. İnsanlar rahat nəfəs alacaq, hiss edəcəklər ki, ləyaqətlərini özlərinə qaytarıblar. İllər boyu azərbaycanlıların bu vəziyyətdə necə yaşamalarını təsəvvür edin. Təmas xəttində binoklla baxanda bizim dağıdılmış şəhərləri görərkən mənim keçirdiyim hissləri təsəvvür edin. Qoy, erməni tərəfi fikirləşsin. O, indi bunun nə demək olduğunu başa düşməyəcək. Lakin əvvəl düşünmək lazım idi, azərbaycanlıların hisslərini təhqir etmək lazım deyildi. Biz xeyirxah, sülhsevər xalqıq. Lakin biz öz ləyaqətimizi tapdalamağa, bizi təhqir etməyə imkan verməyəcəyik. Paşinyan Şuşada, Cıdır düzündə sərxoş halda rəqs edəndə özünə bu gün baş verənlər barəsində hökm imzalamışdı".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest