Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Neftçi" ilə qarşılaşacaq "Sumqayıt" oyunun hazırlıqlarını davam etdirir. Matç.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, komanda Ayxan Abbasovun rəhbərliyi altında bu gün növbəti məşqini keçirib.

Premyer Liqanın XIV turunda "Neftçi" ilə qarşılaşmada zədə alan Əfran İsmayılov məşqdə iştirak etməyib. Xəyal Nəcəfovla Vurğun Hüseynov isə fərdi hazırlıqla kifayətlənib. Bundan başqa əvəzedici heyətdən Baxşəli Baxşəliyev, Səbuhi Abdullazadə və Tural Bayramlı əsas komandanın hazırlıq prosesinə cəlb olunub. Təxminən saat yarım davam edən məşqdə öncə fiziki, ardınca isə toplu hərəkətlər üzərində çalışılıb. Hazırlığa ikitərəfli oyunla yekun vurulub.

Qeyd edək ki, dekabrın 15-də 8-ci km qəsəbə stadionunda keçiriləcək "Neftçi" - "Sumqayıt" qarşılaşması 19:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest