Millətlər Liqasının III turunun oktyabrın 11-də keçiriləcək Farer adaları - Azərbaycan oyununu idarə edəcək rusiyalı hakim Aleksey Yeskov sabiq futbolçudu. Matç.az saytı xəbər verir ki, ötən ay 40 yaşını qeyd edən rusiyalı oyunçu karyerasını 2003-cü ildə başa vurub.

Bunadək bir sıra klublarda oynamış Yeskov 1995-96-cı illərdə Fransa "Monpelye"sində legioner həyatı da yaşayıb. Rusiyada MOİK, Moskva "Dinamo"su, "Rostselmaş", Rostov OİK-i, "Kamaz", Soçi "Jemçujina"sı, "Baltika", "Nosoroqi" və "Vidnoye"də çıxış edib.

Onun yolları Azərbaycan futbolçuları ilə də kəsişib. 1998-ci ildə Dmitri Kramarenko ilə birlikdə "Dinamo"da, 1 il sonra yığmamızın baş məşqçisi Qurban Qurbanovla "Baltika"da oynayıblarsa, 2001-ci ildə Nazim Süleymanovla "Jemçujina"da tanış olublar. Həmin vaxt həmyerlimiz əvəzedicilərin məşqçisi idi. 2002-ci ildə Süleymanovun əsas komandaya baş məşqçi keçməsi ilə komandanın aparıcı üzvü olan Yeskovun klubdan getməsi eyni vaxtlara təsadüf edib. Bundan sonra futbolçu həvəskarlardan ibarət "Nosoroqi"də oynamalı olub.

2003-cü ildə futbolçu karyerasını başa vurub, hakimliyə başlayan Yeskovun ixtisası geodeziya üzrə mütəxəssisdi. O, 2009-cu ildən Rusiya Premyer Liqası qarşılaşmalarına təyinat alır.

2011-ci ildən FİFA referisi olan rusiyalı Azərbaycan təmsilçisinin oyununa əvvəllər də təyinat alıb. Yeskov 2016-cı il avqustun 4-də Avropa Liqasının III təsnifat mərhələsinin "Qəbələ" – "Lill" matçını idarə edib. Həmin görüş Azərbaycan klubunun "Böyük beşlik" təmsilçiləri üzərində yeganə qələbəsi kimi tarixə düşüb – 1:0. Filip Ozobiçin qol vurduğu matçda hakim hər komandaya 2 sarı vərəqə göstərib. "Qəbələ"də Nika Kvekveskiri və Asif Məmmədov cəzalanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest