"Ayaq əzələmdəki problemə görə məşq edə bilmirəm". Matc.az xəbər verir ki, bunu Azərbaycan millisinin və "Sabah" klubunun futbolçusu Təmkin Xəlilzadə zədəsi barədə danışarkən deyib.
 
27 yaşlı müdafiəçi bildirib ki, Premyer Liqada VI turun "Neftçi" ilə səfər oyununda meydana çıxması sual altındadır: Böyük ehtimalla, start heyətində olmayacağam. çünki ağrılar imkan vermir. Sabah hər şey tam dəqiq bilinəcək. Zədəm ciddi də ola bilər".
 
Təcrübəli oyunçu flaqmanla matçın çətin keçəcəyini vurğulayıb: "Neftçi" də bizim kimi son turlarda yaxşı nəticələr qazanmır. çətin səfərə gedəcəyik. Digər tərəfdən, oyun alışmadığımız vaxtda - 14:00-da başlayacaq. Bu gün baş məşqçimiz rəqibin zəif və güclü tərəflərini bizə göstərdi. Meydana 3 xal üçün çıxacağıq".
 
UEFA Millətlər Liqasında Monteneqro və Kiprlə matçlara da toxunan Xəlilzadə bunları söyləyib: "İlk görüşdə uduzsaq da, ikinci matçda qolsuz heç-heçə etdik. Monteneqro ilə qarşılaşma barədə danışaılası çox şey yoxdur. Qrupun ən vacib görüşlərindən biri idi. Məğlubiyyət bizim üçün qırılma nöqtəsi oldu. Düzdür, Kipri məğlub etsəydik, şanslarımız qalacaqdı. Fikrimcə, pis oynamadıq. Millidə yeni adlar var, son vaxtlar xeyli dəyişiklik olub. Uğursuz nəticələri daha çox bununla əlaqələndirərdim. Biz Kiprlə oyunda 2 matçın qol imkanlarını yaxaladıq. Təəssüflər olsun ki, dəyərləndirə bilmədik".
 
O, Kiprlə görüşdə penaltini dəqiq yerinə yetirə bilmədiyi üçün tənqid olunan Qara Qarayevi müdafiə edib: "Dünya ulduzları belə, penaltini boşa verirlər. Orada bir qədər anlaşmazlıq oldu. Zərbəni yerinə yetirmək üçün topu Ramil Şeydayev götürmüşdü. Deyəsən, sonradan baş məşqçinin qərarı ilə topun başına Qara keçdi. Bilmək olmaz, Ramil vursaydı, bəlkə top heç qapıya da getməyəcəkdi. Həmin an heç kim Qaranın yerində olmaq istəməzdi. Onu da başa düşmək lazımdır. Topun tora getməsini hamımızdan çox o istəyirdi". (report)
 
Qeyd edək ki, "Neftçi" - "Sabah" görüşü oktyabrın 18-də "Bakcell Arena"da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest