Bu gün Milli Olimpiya Komitəsində 2018-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. Matç.az Azərbaycan Gənclər və İdman Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, ölkə prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Tədbirdə çıxış edən dövlət başçısı 2018-ci ilin ölkəmiz üçün uğurlu il olduğunu, bütün sahələrdə, həmçinin idman sahəsində Azərbaycanın böyük nailiyyətlər qazandığını deyib. İdman sahəsində qazanılan qələbələrdən danışan İlham Əliyev bildirib ki, idmançılarımız bu il 800-ə yaxın medal qazanıb, onlardan da 263-ü qızıl medaldı. "Bu qələbələr sadəcə idman qələbəsi deyil. Bu qələbələr cəmiyyətimizin vətənpərvərlik ruhunu artırır, Azərbaycanı dünyada güclü idman ölkəsi kimi tanıdır, ölkəmizi təbliğ edir", - deyən prezident idmançılarımzın həyatda da gözəl nümunə göstərdiklərini diqqətə çatdırdı. Artıq regionlarda 44 olimpiya idman mərkəzinin fəaliyyət göstərdiyini, gələn il 3 belə mərkəzin inşa olunacağını deyən İlham Əliyev ölkəmizdə beynəlxalq idman yarışlarının keçirilməsinin artıq ənənəyə çevrildiyini, Azərbaycanın uğurlarının beynəlxalq idman təşkilatları tərəfindən də yüksək qiymətləndirildiyini vurğulayıb. Gələn il Bakıda Avropa Gənclər Olimpiya Festivalının, tarixdə ilk dəfə olaraq paytaxtımızda futbol üzrə Avropa Liqasının final görüşünün keçiriləcəyini deyən dövlətimizin başçısı artıq idmanın cəmiyyətimizin ayrılmaz hissəsinə çevrildiyini bildirib.

çıxışının sonunda prezident əldə olunmuş uğurlar münasibətilə idmançılarımızı bir daha təbrik edib, onlara yeni qələbələr arzulayıb.

Həmçinin Azərbaycanda bədən tərbiyəsinin və idmanın inkişafında xidmətləri olan və 2018-ci ildə yüksək nailiyyətlər qazanan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim edilib. Mükafatlandırılanlar arasında futbol mütəxəssisi Ağasəlim Mircavadov da olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest