"Bu qələbə ilə kiçik bir addım atdıq. Ancaq eyforiyaya qapılmamalıyıq". Matç.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarov deyib.

Bundesliqa II təmsilçisi "Aue"nin formasını geyinən futbolçu Almaniya mətbuatına açıqlamasında IX turda "Holsteyn" üzərində qələbəni dəyərləndirib. 90+1-ci dəqiqədə qələbə qoluna imza atan 28 yaşlı oyunçu həmin epizodu belə xatırlayıb: "Qol epizodunda zərbə zamanı ayağımdan ağrı hiss etdim. Hələ də bir az ağrı var. Xoşbəxtlikdən həmin anda top qapıdan keçdi".

Qarşılaşmaya ehtiyatdan başlayan Nazarov yalnız 86-cı dəqiqədə meydana daxil olmuşdu. ümumiyyətlə, bu mövsüm əvvəlki qədər şans qazanmayan orta sahə oyunçusu məhz bu üzdən qolun sevincini çılğın şəkildə yaşamadığını söyləyib: "Əsəbi olmağım daha çox oynamaq və komandama kömək etmək istəyimdən qaynaqlanırdı. Meydanda daha çox qalmaq üçün öz üzərimdə çalışmaqda davam edəcəm. Komandama görə çox sevinirəm. Kollektiv şəkildə daha yaxşısını edə bilərik".

Dəstəyə görə "Aue" azarkeşlərinə minnətdarlığını bildirən Nazarov Bundesliqa II-ni qazanacaq gücdə olmadıqlarını etiraf edib: "Bu qələbədə bizi dəstəkləyən 7500 azarkeşin əməyini də vurğulamalıyam. Xüsusən də, son yarım saatda bizi irəli səslədilər, topa hər toxunuşumuz zamanı alqışladılar. Belə atmosferdə istənilən komanda Auedə çətinliklə üzləşər. Azarkeşləri başa düşürük. Ancaq Bundesliqa II-nin bütün matçlarında qələbə qazanmaq çətindi. Keyfiyyət baxımından digər komandalardan geri qalırıq. Mövsümün sonunda yüksək pillədə qərarlaşmaq asan iş deyil".

Qeyd edək ki, "Holsteyn" üzərində 2:1 hesablı qələbə qazanan "Aue" hazırda 18 komanda arasında 13-cü pillədə qərarlaşıb.

 

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest