Son hadisələr o qədər fikirlərimi qarışdırıb ki, futbola baxmağa, izləməyə həvəs və əhval-ruhiyyə qalmayıb.  Bir az əvvəl xəbər tutdum ki "Neftçi"nin baş məşqçisi və idman direktoru istefa verib, Füzuli Məmmədovu Samir Abasov əvəzləyib. Bu məsələylə bağlı fikirlərimin "Neftçi"ni səmimi sevən insanlar üçün maraqlı olacağını nəzərə alıb münasibətimi bildirim...

Baş məşqçi dəyişikliyi sözsüz yerinə düşür. Samir Abasova millinin futbolçusu kimi nə qədər antipatiyam olubsa, məşqçi kimi o qədər simpatiyam var. Onun Azərbaycanın ən yaxşı məşqçilərindən olduğuna şübhə etmirəm. Futbolumuzda belə xarakterli adamlar bir əlin barmağı ilə sayılacaq qədərdi. Samir Abasova həm "Neftçi"də, həm də ümumiyyətlə gələcək karyerasında uğurlar arzulayıram! Ona həm məşqçi, həm də sözümü deməyə qorxmayan insan kimi hörmətim və rəğbətim var. "Neftçi"yə məhz belə xarakterli baş məşqçi lazımdı.

Füzuli Məmmədov da futbolçu kimi xarakterli və döyüşkən idi. Amma təəssüf ki, "Neftçi" karyerasının uğurlu alındığını deyə bilmirik. Bunun səbəbi Məmmədovun xarakteri qədər məşqçilik biliyinin olmaması və ya bu səviyyədə iş təcrübəsinin azlığı idi, nə idi dəqiq bilmirəm. Sadəcə təxminlərim var. Və bu təxminlər təəssüf ki, nə qədər yaxşı məşqçi olsa da Samir Abasovun da "Neftçi"də ciddi uğur qazanacağına şübhə yaradır. çünki, "Neftçi"nin problemi baş məşqçidə deyil. İllah da sözünü deməyə qorxmayan, pərdəarxası oyunlardan uzaq birinin orda uğur qazanması mənə inandırıcı görünmür.

Məmmədovdan fərqli, Ceyhun Sultanovun gedişi "Neftçi" üçün birmənalı olaraq itkidi. çünki, bu klubun rəhbərliyində futbolu normal bilən yeganə adam idi. Son iki mövsümdə qazanılan nəticələrin də baş memarı idi. Sultanov "Neftçi"də elə səviyyəli futbolçular toplamışdı ki, heyət fərdi ustalıq baxımından hətta "Qarabağ"dan daha üstün idi. Maliyyə imkanlarına görə "böyük hesabla uduzduğu" əsas rəqibə qarşı bunu bacarmaq hər oğulun işi deyildi. O heyət illər sonra "Neftçi"ni ikinci yerə yüksəltdi, Avropada büdcəsinə həsədlə baxdığı Rusiya təmsilçisi "Arsenal"ı darmadağınla keçməklə və göstərilən oyunla yaddaşlarda iz buraxdı, eyni zamanda azarkeşlərdə nəhayət sevimli komandalarının özünə gəldiyinə ümid yaratdı. Amma uğurlar olanda başqaları gündəmə gəlirdi, uğursuzluqlarda isə yalnız və yalnız Ceyhun Sultanov...

Təəssüf ki, "Neftçi"nin problemi nəinki baş məşqçidə, heç idman direktorunda da deyil daha yüksəklərdədi. Füzuli Məmmədovun "Neftçi" kimi iddialı klubda peşəkar səviyyədə baş məşqçi olaraq debüt şansı qazanması da təkcə Sultanovun yox, bu eksperimentin qarşısını almayan və Sultanovun məğrurluğunu qəbul edə bilməyən, onu "qılınclarının altından keçirə bilməyən" yuxarıların idman direktorunu zərbə altında qoymaq üçün bilərəkdən etdiyi "səhv" idi.

Ceyhun Sultanov "Neftçi"dəki fəaliyyəti ilə həm bacarıqlı mütəxəssis, həm də ləyaqətli insan kimi gerçəkləri görən, bilən və "Neftçi"ni təmənnasız sevən obyektiv insanların könüllərinin sultanı oldu. Yaltaqlığı, ikiüzlülüyü və başqa ləyaqətsizlikləri bacarsa idi, indi komandada qalıb işini davam etdirirdi.

Sultanova qarşı çox haqsızlıqlar və qərəzli təzyiqlər olurdu. Bu boyda həngamənin qarşsında "Neftçi" kimi klubda 3 ilə yaxın davam gətirə bilməyin özü böyük iradə və cəsarət tələb edir.

Hazırkı rəhbərlikdə "Neftçi"dən ən son ayrılmalı adam olan Ceyhun Sultanov jurnalistlərə müsahibəsində bir neçə dəfə "Bura Kamran Quliyevlə gəlmişəm və o bu klubdan getsə mən də həmin an istefa ərizəmi yazıb işdən çıxacam, biz "Neftçi"yə bir gəlmişik, bir də gedəcəyik" demişdi...

Anar ŞABANOÄžLU

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest