Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarov son dövrlərdə millimizdən kənar düşməsinə münasibət bildirib.
 
Matc.az xəbər verir ki, 2-ci bundesliqa təmsilçisi "Ersgebirge"də çıxış edən 30 yaşlı futbolçu Almaniya mətbuatına açıqlamasında bunları söyləyib:
 
"İndi xüsusi vaxtdır və hər şey çox incədir. Belə məqamda bu kimi qərarlar verilməlidir. Karantin tədbirləri səbəbindən Almaniyaya qayıtdıqdan sonra yoluxma və ya müvəqqəti məşqdən kənarda qalmaq riski çox böyükdür. Hazırda millidə oynamağıma icazə verilməməsi mənim üçün üzücüdür. Ancaq buna məcburam. Tezliklə vəziyyətin müəyyən dərəcədə yaxşılaşacağına ümid edirəm".
 
Təcrübəli futbolçu bu mövsüm Aue təmsilçisində az forma şansı qazanmasından və zəif çıxışından da söz açıb:
 
"Milli komandaların iştirakı ilə bağlı yaranmış fasilədə özümü inkişaf etdirməyə çalışıram. Ehtiyat oyunçular skamyasındakı yer məni qane etmir. 30 yaşım var və hələ də oynaya bilərəm".
 
Qeyd edək ki, Dmitri Nazarov millinin həm oktyabrdakı, həm də bu aydakı oyunlarına dəvət edilməyib. O, bu mövsüm geridə qalan 7 tur ərzində "Ersgebirge"də cəmi 4 oyunda forma geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest