AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Türkiyə mətbuatına müsahibə verib. Matc.az xəbər verir ki, o, Bakıda keçiriləcək Avropa çempionatının A qrupunun oyunları ilə bağlı söz açıb və Aç-2020-nin ev sahibliyinin Bakıdan və Rusiyanın Sankt-Peterburq şəhərindən alınacağına dair xəbərlərə münasibət bildirib:
 
"Ev sahibi kimi qardaş ölkəni Bakıda görməkdən məmnun olacağıq. AFFA olaraq, bütün işlərimizi bu istiqamətdə görürük. Türkiyə yığması burada öz evindəki kimi Uels və İsveçrəyə qarşı oynaya bilər.  Zaman-zaman UEFA-nın Bakı və Sankt-Peterburqun ev sahibliyini ləğv etdiyinə dair şayiələr çıxır. Amma hər hansı format dəyişikliyi ilə bağlı yeni rəsmi məlumat yoxdur. Məsələ ilə bağlı yekun qərar UEFA İcraiyyə Komitəsinə aiddir. Qurum hansısa dəyişiklik etməyə qərar versə, AFFA olaraq buna hörmət edəcəyik".
 
Avropa çempionatı koronavirus pandemiyası ilə əlaqədar gələn il 11 iyun - 11 iyula təxirə salınıb. Oyunlar Avropanın 12 şəhərində, o cümlədən, Bakıda keçirilməlidir.
 
Elxan Məmmədov müsahibəsində onu da bildirib ki, AFFA ilə Türkiyə Futbol Federasiyası (TFF) iki ölkə futbolçularının legioner statusu ilə oynamamaları üçün danışıqlar aparır. Hazırda bu yöndə danışıqlar davam edir. AFFA rəsmisi Türkiyədə yetişmiş futbolçuları Azərbaycan Premyer Liqasında daha çox görmək istədiklərini söyləyib: "Hazırda çempionatımızda türkiyəli 2 futbolçu çıxış edir. "Başakşəhər"dən icarə əsasında "Neftçi"yə keçən Mert çelik Azərbaycan vətəndaşlığını aldıqdan sonra milli komandalarda çıxış etməyə başladı. U-21-in heyətində qısa vaxtda olduqca uğurlu oyun sərgilədi və əsas yığmanın baş məşqçisi Canni De Byazinin diqqətini çəkdi. çelik yaxın vaxtlarda əsas komandanın əvəzolunmaz oyunçusu ola bilər. Ozan Can Kökçü isə "Sabah"ın formasını geyinir. Türkiyədə yetişmiş futbolçuları çempionatımızda daha çox görmək istəyirik. Bu səbəbdən, son zamanlar AFFA və TFF olaraq, iki ölkə futbolçularının legioner statusunda oynamamaları üçün danışıqlarımız davam edir".
 
Qeyd edək ki, hazırda Türkiyə Super Liqasında azərbaycanlı futbolçu çıxış etmir. Türkiyə 1-ci liqasında isə yığma üzvü Araz Abdullayev "Boluspor"un formasını geyinir.
 
Elxan Məmmədov bu gün keçiriləcək "Qarabağ" - "Sivasspor" matçından da danışıb: "Qardaş ölkə Türkiyənin təmsilçisi ilə eyni qrupda mübarizə apardığımız üçün xoşbəxtik. Daha əvvəl 2-ci təsnifat mərhələsində "Neftçi" "Qalatasaray"la üz-üzə gəlmişdi. "Qarabağ" Sivasda rəqibinə 0:2 hesabı ilə uduzub. Bu dəfə də nəticə nə olursa, olsun, qazanan dostluq və qardaşlıq olacaq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest