"Qarabağ" daha iki sabiq futbolçusunu geri qaytarmağa hazırlaşır. Matç.az-ın Qazaxıstan mətbuatına istinadən məlumatına görə, "Astana"nın yarımmüdafiəçiləri Riçard Almeyda və Pedro Enrike yenidən Azərbaycan çempionuna qoşula bilər.

Bildirilir ki, "Aktobe"dən Reynaldo Silvanı transfer edən ağdamlıların baş məşqçisi Qurban Qurbanov yuxarıda adları sadalanan oyunçuların da qayıtmasını istəyir. Xüsusən də, Reynaldo ilə yaxın dost olan Almeyda "Qarabağ"a qayıtmaqda maraqlıdı. Həmkarlarımız hər iki futbolçu və klubları ilə danışıqlar aparıldığını vurğulayıb.

Almeydanın yanvarda "Qarabağ"a dönmə ehtimalı daha yüksək qiymətləndirilir. Milli komandamızın üzvünün "Astana" ilə müqaviləsi qüvvədə olduğundan, Qazaxıstan klubunun qərarından çox şey asılı olacaq. Ancaq futbolçu özü dönmək niyyətindədi.

O ki qaldı Pedro Enrikeyə, "Astana"da icarə əsasında çıxış edən braziliyalı müqavilə ilə PAOK-a məxsusdu. Qazaxıstan klubundakı uğurlu çıxışını nəzərə alan Yunanıstan təmsilçisi onu qaytarmaq barədə də düşünür. 28 yaşlı hücumameyilli oyunçu özü də Qazaxıstanda qalmaq fikrində deyil. O, karyerasını ya PAOK, ya da "Qarabağ"da davam etdirmək niyyətindədi.

Qeyd edək ki, Pedro Enrikenin PAOK-la, Riçard Almeydanın isə "Astana" ilə müqavilə müddəti 2020-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest