İki gündən sonra Azərbaycan millisi növbəti sınağına çıxacaq. Matç.az saytı xəbər verir ki, yığmamız Millətlər Liqasının III turunda Farer adaları ilə qarşılaşacaq.

Bu iki komanda arasında 2-ci görüşdü. Rəqiblər ilk dəfə 22 il öncə üz-üzə gəlib. 1996-cı il fevralın 27-də Kiprin Larnaka şəhərində təlim-məşq toplanışında olan Azərbaycan və Farer adaları milliləri yoxlama oyununda qüvvəsini sınayıb.

8262 gün öncəki matç Azərbaycan futbolu tarixinə düşüb. Yığmamız tarixinin ilk böyükhesablı qələbəsini qazanıb. Kazbek Tuayevin baş məşqçisi olduğu komanda rəqibini 3:0 hesabı ilə yenib.

Matçın taleyini ilk yarım saatda həll edən yığmanın heyətində millimizin indiki baş məşqçisi Qurban Qurbanov da olub. O, 30-cu dəqiqədə 3-cü qolu vuraraq darmadağını rəsmiləşdirib. Bunadək 10-cü dəqiqədə Vyaçeslav Lıçkin, 23-cü dəqiqədə isə Yunis Hüseynov fərqlənib. Meydana kapitan sarğısı ilə çıxan sonuncu penalti zərbəsini dəqiq yerinə yetirib.

İki ölkənin əsas milliləri oktyabrın 11-də ilk dəfə rəsmi sınağa çıxacaq. Amma bunadək digər komandalar arasında görüşlər baş tutub. U-21 yığmamız 4 dəfə Avropa çempionatının seçmə oyununda farerlilələrlə qarşılaşıb.

AVRO-2009-da adaya ilk səfər edən azərbaycanlı futbolçular 0:1 hesabı ilə uduzub. Bakıda isə Ruslan Abışovla Vüqar Nadirovun qollarına sevinən millimiz 1 xalla kifayətlənib – 2:2.

AVRO-2017-də 21 yaşadək futbolçuların yolları yenidən kəsişib. 8 il əvvəlki kimi yenə də adada 1 qol vurulub, Bakıda heç-heçə qeydə alınıb. Millimiz səfərdə Azər Salahlının qolu ilə 3 xal qazanıb. Bakıda isə yenə bərabərlik yaşanıb – 1:1. Komandamızın yeganə qoluna hazırda "Qarabağ"da çıxış edən Mahir Mədətov imza atıb.

Avrokuboklarda Azərbaycan və Farer adaları təmsilçiləri yalnız bir duelə çıxıb. 2011/12 mövsümündə "Qarabağ" Avropa Liqasının II təsnifat mərhələsində "Streymur"la qarşılaşıb. İlk görüş millimizin də meydana çıxacağı Torshavn şəhərində baş tutub.

Qurban Qurbanov Farer adalarına ilk səfərində yetirmələrinin heç-heçəsinə şahid olub – 1:1. Təmsilçimizin qoluna Rauf Əliyev vurub. Bakıdakı görüşdə qol qeydə alınmayıb. Səfər qolu komandamızın mərhələ adlamasında həlledici amil olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest