"Hazırlıq plan üzrə gedir. Amma hələ oyunumuzda istənilən dinamika yoxdur. Oyun təcrübəsizliyi, futbolçuların fərqli formada olduğu hiss olunur. Bununla belə, işimiz pis getmir. çalışırıq ki, çatışmazlıqlarımızı nə iləsə kompensasiya edək".
 
Matc.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Zirə" ilə keçirilən yoxlama matçından (3:3) sonra jurnalistlərə açıqlamasında deyib.
 
49 yaşlı mütəxəssis bildirib ki, yeni transferlərin olacağı çətin görünür: "Daim axtarışdayıq. Dəyişiklik etmək istəyirik. Amma görünən odur ki, hələ alınmır, sakitlikdir".
 
Qurbanov cari mövsümdə çempionluq mübarizəsinin çətin keçəcəyini söyləyib: "İlk növbədə Samir Abasova uğurlar arzu edirəm. Onunla çoxdanın tanışı, dostuyuq. Milli komandada birlikdə oynamışıq. Futbolçu kimi necə əzmkarlığı var idisə, məşqçi kimi bunu komandasında göstərir. ümumiyyətlə, "Neftçi"də hər zaman əzmkarlıq olub. Bu, elə komandanın adından irəli gəlir. Hər məşqçinin öz fəlsəfəsi, oyunçulara yanaşması var. Mütləq dəyişikliklər olacaq. Bizə gəlincə, hər rəqibə ciddi yanaşmağa, ondan üstün olmağa çalışmışıq. Dəfələrlə məğlubiyyətlərimiz,çətin qələbələrimiz olub".
 
Qurbanov rəqiblərin "Qarabağ"la oyunlara daha ciddi hazırlaşdığını vurğulayıb: "Bu tək "Neftçi"yə yox, hər bir komandaya aiddir. Son vaxtlar məşqçilərimiz öz komandalarında intriqanı daha da çoxaldıblar. Daha aqressiv futbol görürük. İşimiz heç də asan deyil. Topa nəzarət etməyi xoşlayırıq, amma get-gedə bu çətinləşir. Rəqiblər bizi daha yaxşı tanıyır, analiz edir. Nəticədə işimiz çətinləşir.Bəzi qüsurları aradan qaldırmağa çalışacağıq".
 
Təcrübəli mütəxəssis hələ də toplanışa qoşulmayan haitili yarımmüdafiəçi Donald Geryeyə cəza verilə biləcəyini itisna etməyib: "Ondan hər gün xəbər alırıq. İnstaqram krallarından biridir. Əlavə məlumata ehtiyac yoxdur. Elə bir dönəmdir ki, əminliklə kiminsə üzərinə getmək olmur. Ailə üzvlərində həqiqətən xəstəlik ola bilər. Onu başa düşürük. Məncə, belə hallarda oyunçu məşqləri buraxmaqla özü özünü cəzalandırır. Geryədə bu cür kaprizlər var. İlk dəfə deyil ki, onun belə hərəkətləri ilə qarşılaşırıq. Bizim oyunçumuzdur, cəzalandırmaq məsələsi öz aramızda qalır. ümid edirəm ki, gəlib çıxar".
 
Qurbanov bu gün "Zirə"nin heyətində "Qarabağ"a qarşı oynayan oğlu Musa Qurbanlının icarəyə verilməsinə də toxunub: "Musanı Rəşad Sadıqov bizdən istədi. Transfer bir anda alındı. Düşünürəm ki, özü üçün də maraqlı olacaq. Bu iş "Zirə"nin istəyilə alındı. Düşünürəm ki, futbolçular bəzən komandalarını dəyişəndə daha tez inkişaf edirlər. Fərqli mühit, fərqli yanaşma onun xeyrinə ola bilər. Qalan şeylər özündən asılı olacaq. Məndən daha yaxşı futbolçu olmasını istəyirəm. öz üzərində daha çox çalışmalıdır. Onu özümlə müqayisə etmək üçün keçmiş oyunlarıma baxacağam". (Report)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest