Azərbaycan futbolunda qış fasiləsi yaranar-yaranmaz klublarımız heyətlərindəki dəyişikliklərə start verib. Matç.az saytı xəbər verir ki, lider "Neftçi" hələ ilk yarının gedişində transferlərini həyata keçirməyə başlamışdı.

Adətən lider komanda heyətin özəyini qorumaq və "nöqtə transferlər" etmək barədə düşünür. Ancaq "Neftçi"də bunun əksi müşahidə olunur. Mərkəz müdafiəçisi Mamadu Mbodj və yarımmüdafiəçi Mamadu Kane ilə uzunmüddətli müqavilə imzalayan paytaxt təmsilçisi heyətində də təmizləmə işlərinə start verib. Yayda komandaya cəlb edilən Rəşad Eyubov ilk yola salınan oyunçu olub.

ümumiyyətlə, mövsümün ilk yarısına nəzər yetirdikdə, "Neftçi"nin zirvədə qərarlaşmasını, bəlkə də, möcüzə kimi qələmə vermək olar. Roberto Bordin bu müddətdə cəmi 18 oyunçuya şans verib ki, bu da Topaz Premyer Liqası klubları arasında ən aşağı göstəricidi. Heyətin kasad olmasının müqabilində birinci yer komandanın ideal durumda olmasından qayaqlanmır. Sadəcə, rəqiblər get-gedə o qədər zəifləyir ki, avrokuboka iddia etmək çox da çətin deyil. "Neftçi"yə belədə yalnız "Qarabağ" rəqib görünür ki, Ağdam təmsilçisinin də məşqçilər korpusunun və əksər futbolçularının ilk yarıda başı həm avrokuboklara, həm də milli komandaya qarışmışdı. Əslində bunun fonunda bakılıların fasiləyə cəmi 3 xal fərqlə öndə yollanması heç də uğur sayılmamalıdı.

Heyətə nəzər salsaq, yeni transferlərin ümidləri doğrultmadığını da görərik. Tərlan Əhmədovun əvəzinə baş məşqçi postuna gətirilən Roberto Bordin alternativsiz şəkildə eyni futbolu oynadır. Məsələn, komanda hesabda geri düşən kimi, çaşbaş qalır, oyunu çevirə bilmir. İtaliyalını hələ ki, bəzi oyunçuların fərdi ustalığı xilas edir.

Futbolçulara gəlincə, yayda heyətə cəlb olunanlardan yalnız ikisi - Soni Mustivar və Baqali Dabo fərqlənib. 14 matçın hamısında meydanda olan Dario Frederiko "Kəpəz"dəki qeyri-stabil oyununu davam etdirir. Yəni braziliyalıya güvənərək yola çıxmaq olmaz. Digər 5 transferdən Tural Axundov nisbətən özünü doğrultmasına baxmayaraq, o da "Sumqayıt"dakı performansını "Neftçi"də göstərə bilməyib.

Rəşad Eyubov, Slavko Braliç, Kvame Karikari və Qoran Paratskini isə fiasko transfer adlandırmaq olar. Digər klubların qapısına belə yaxın buraxmadığı Braliç yalnız Ruslan Abışovun zədələnməsi sayəsində müntəzəm şans qazanırdı. Lakin xorvatiyalı səviyyə baxımından gənc Anton Krivotsyukdan heç nədə fərqlənməyib. Cəmi 5 görüşdə forma şansı əldə edən Rəşad Eyubov artıq yola salınıb. Rəhbərlik yüksək məbləğdə maaş alan Paratski və Karikari transferindəki səriştəsizliyini də qəbul edir. Belə olmasaydı, mövsümün sonunu gözləmədən onlarla yolları ayırmağa çalışmazdı. Hər halda sərgilənən oyun və statistika onu deməyə əsas verir ki, "Neftçi"nin yayda 8 transferindən 4-ü uğursuz olub.

Həmçinin mövsümün əvvəlində yeni müqavilə imzalanan Kiril Petrov və Məhəmməd Mirzəbəyov da ilk yarıda çempionatın liderinə yaraşacaq futbol oynamayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest