"Qalatasaray" seneqallı hücumçusu Mbaye Diaqneni icarəyə göndərib.
 
Matc.az xəbər verir ki, 29 yaşlı forvard artıq İngiltərənin "Vest Bromviç" klubu ilə bütün məsələlərdə razılığa gəlib.
 
İstanbul təmsilçisinin Super Liqanın 22-ci turu çərçivəsində qarşılaşacağı "Qaziantep"lə oyun üçün açıqlanan heyətində də Mbayenin adı yer almayıb. Bunun Premyer Liqa klubuna transferlə bağlı olduğu bildirilir. Diaqne mövsümün sonuna qədər icarə əsasında "Vest Bromviç"in uğurları üçün çalışacaq.
 
2019-cu ildə "Kasımpaşa"dan "Qalatasaray"a transfer olunan Diaqne, bu komandanın heyətində meydana çıxdığı 39 matçda 22 qol vurub.
 
Yeri gəlmişkən, "Qalatasaray" heyətini iki yeni futbolçu ilə gücləndirib. Türkiyə mətbuatının iddiasına görə, "sarı-qırmızılar" Misirin "Zəmələk" klubundan Mustafa Məhəmmədi heyətinə qatıb. Klubun 23 yaşlı futbolçunu 1,5 illik icarəyə götürdüyü bildirilir. "Qalatasaray" bunun üçün qarşı tərəfə 2 milyon dollar ödəyəcək.
 
Misirli futbolçunun müqaviləsində transfer hüquqlarını almaq bəndi də var. "Cim-bom" bunun üçün qarşı tərəfə əlavə 4 milyon dollar ödəməli olacaq. Məhəmməd Misir millisində 4 oyunda iştirak edib.
 
"Qalatasaray" İngiltərənin "Nyukasl" klubunun sağ cinah müdafiəçisi DeAndre Yedlinlə də razılığa gəlib. Lakin Mustafa Məhəmməddən fərqli olaraq, Yedlin bu qış yox, yayda Türkiyə təmsilçisinə qoşulacaq. 27 yaşlı futbolçunun İngiltərə klubu ilə müqaviləsinin müddəti mövsümün sonunda bitəcək. Məhz bundan sonra ABŞ-dan olan futbolçu "Qalatasaray"la rəsmi müqaviləyə imza atacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest