Azərbaycan millisi oktyabrın 11-də növbəti oyununu keçirəcək. Matç.az saytı xəbər verir ki, yığmamızın Millətlər Liqasında Farer adalarına qarşı keçirəcəyi qarşılaşma komandanın tarixində 243-cü görüş olacaq.

İlk matçını 1992-ci il sentyabrın 17-də səfərdə Gürcüstana qarşı keçirən millimiz indiyədək 242 oyuna çıxıb. Klublarla qarşılaşmaların nəzərə alınmadığı statistikaya görə yığmamız 26 ildə 46 qələbə qazanıb.

Hesabında 66 heç-heçə olan milli 130 dəfə azarkeşlərini məyus edib. Futbolçularımız bu görüşlərdə 178 qol vurub ki, əvəzində 407-ni buraxıb.

Yığmamız 2018-ci ildə 9-cu sınağına çıxacaq. Bu matç həm də indiki baş məşqçi Qurban Qurbanovla 9-cu oyundu. 2 qələbə və 2 məğlubiyyəti olan komanda 4 dəfə sülhə imza atıb. Qurbanovun yetirmələri 8 qol vurub, 7-ni buraxıb.

Qarşıdakı matç komandamızın rəsmi yarışlarda 121-ci oyunu olacaq. Dünya və Avropa çempionatlarının seçmə mərhələləri, həmçinin Millətlər Liqasında ümumilikdə 120 görüş baş tutub. Cəmi 13 qələbəsi olan yığma nəhs rəqəmi arxada qoymaq üçün qalib gəlməlidi. Rəqiblərin "nəfs"sində isə 82 qələbə olub, 25 görüş bərabərliklə başa çatıb. 66 qol vuran futbolçularımız 252-ni buraxıb.

Qurban Qurbanovlu milli isə 2 belə qarşılaşmaya çıxıb. Bu ilə, həm də Millətlər Liqasına təsadüf edən duellərdə yığmamız qələbəyə həsrətdi. Heç-heçələrin sıralandığı turnirdə Kosovo ilə evdə qolsuz, Malta ilə səfərdə 1:1 hesablı bərabərlik qeydə alınıb.

Farer adalarının Torshavn şəhərindəki oyun 121-ci səfər matçıdı. Komandamız rəqib meydanlarında keçirdiyi əvvəlki 120 görüşdə 12 qələbə qazanıb, 26 heç-heçə edib və 82 dəfə uduzub. Meydan sahiblərini 67 dəfə məyus edən futbolçularımız 269 top buraxıb.

Bu duel rəsmi xarakter daşıyan turnirlərdə 61-ci səfər görüşü olacaq. Yığmamız indiyədək yalnız 2 qələbə əldə edib. 9 heç-heçəsi olan milli 49 dəfə uduzub. 21 qol vuran komana 168-ni buraxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest