Avropa Liqasının final oyununun Bakıda keçirilməsi ilə əlaqədar dekabrın 13-dən yanvarın 31-dək könüllü cəlb olunması prosesinə start verilib. Matç.az xəbər verir ki, bu günədək Avropa Liqasının finalında könüllü olmaq istəyən 1300-ə yaxın gənc qeydiyyatdan keçib.

Final oyunu ilə əlaqədar yaradılmış Əməliyyat Qrupu 13-25 dekabr tarixləri arasında ümumilikdə 11 universitetdə tələbələr, tələbə gənclər təşkilatları və digər qurumlar üçün Könüllülük Proqramının təqdimatını keçiriblər. Bu il üçün nəzərdə tutulmuş sonuncu təqdimat Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təşkil olunub. 3000-dən çox tələbənin qatıldığı bu təqdimatlarda Avropa Liqası ilə bağlı keçirilməsi planlaşdırılan tədbirlər barədə təqdimat nümayiş olunub. Eyni zamanda, proqramın əhəmiyyətindən, perspektivlərindən danışılıb.

Proqrama dəstək məqsədilə veteran futbolçumuz, UEFA Avropa Liqasının  Bakıda keçiriləcək finalının səfiri Vəli Qasımov, milli komandanın və "Qarabağ" FK-ın futbolçusu Mahir Mədətov,  milli komandanın və "Qəbələ" FK-ın futbolçusu Təmkin Xəlilzadə təqdimatlarda  iştirak ediblər.

Könüllülük Proqramı nəinki tələbələr, həmçinin qitə əhəmiyyətli idman tədbirinin bir hissəsi olmaq istəyən hər kəsə açıqdır. Proqram çərçivəsində təşkilati məsələlər ilə bağlı təlimlərin, təhsil-əyləncə kurslarının, xüsusi master-klasslar və sair kimi tədbirlərin keçirilməsi planlaşdırılır.

Bu proqrama qoşularaq öz şəxsi keyfiyyət və bacarıqlarını inkişaf etdirmək, yeni beynəlxalq dostlar əldə etmək və futbol dünyasının bir hissəsi olmaq istəyən hər kəs www.finalbaku2019.az/volunteers linkinə keçid edərək qeydiyyat formasını doldura bilər. Qeydiyyatdan keçmiş hər kəs 2019-cu ilin fevral ayında müsahibəyə dəvət ediləcək.

Seçim mərhələsini uğurla keçmiş könüllülər bir sıra təlimlərdən faydalanaraq nəzəri biliklər qazanacaq və tədbir zamanı həmin bilikləri praktiki işdə tətbiq etmə imkanı əldə edərək uğurlu gələcək üçün dəyərli təcrübəyə sahib olacaqlar.

AFFA-nın könüllülər komandasına qoşulmaq və final həyəcanının bir hissəsi olmaq üçün ərizə qəbulunun son tarixi 2019-cı il yanvarın 31-dir. Qeydiyyatla bağlı suallarınızı volunteer@affa.az email ünvanına göndərə bilərsiniz. Məlumat üçün bildirək ki, könüllülər proqramı ilə bağlı ətraflı məlumat www.finalbaku2019.az saytında yerləşdiriləcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest