Qarşıdan gələn 2019-cu il Azərbaycan futbolu üçün bir sıra sınaqlarla əlamətdar olacaq. Millimiz AVRO-2020-nin seçmə oyunlarını keçirəcək, klublarımız yenidən qitə səhnəsinə çıxacaq, Bakı Avropa Liqasının finalını qəbul edəcək.

Matç.az əvvəlki "Qaban" illərinin futbolumuzdakı izini araşdırıb.

1911

Azərbaycan futbolunun yarandığı il. Təşkil olunan ilk yarış Bakı çempionatıdı. "Britaniya klubu" ilk titulun sahibi olub.

1923

29 komandanın qatıldığı Bakı çempionatında "Sokol" qalib adına yiyələnib.

1935

Azərbaycan yığması sonuncu Zaqafqaziya çempionatına Ermənistanı 3:0 hesabı ilə darmadağın edərək başlayıb. Son turda Gürcüstana 0:1 hesabı ilə uduzan komanda yekunda 2-ci olub.

Azərbaycan çempionu adını isə "Cənub İnşaatçı"sı qazanıb.

1947

Azərbaycanın iki komandası SSRİ çempionatının 2-ci qrupunun Qafqaz zonasında mübarizə aparıb. Hələ "Neftyanik" adını daşıyan "Neftçi" 4-cü, Bakı "Dinamo"su 8-ci yeri tutub. Kubokda isə "ağ-qaralar" ilk raundda mübarizəni dayandırıb.

1959

"Neftçi" SSRİ çempionatının B sinfinin III zonasında 12-ci yeri tutub.

Azərbaycanın ən köklü klublarından olan "Kəpəz" yaradılıb.

1971

"Neftçi" SSRİ çempionatının güclülər dəstəsində 9-cu yeri tutub. ölkə kubokunda isə özünün ən yaxşı nəticəsini təkrarlayaraq yarımfinala qədər irəliləsə də, "Spartak" səddini keçə bilməyib.

İkinci liqada çıxış edən, hələ "Dinamo" adlanan "Kəpəz" V zonada 5-ci yeri tutub.

1983

"Neftçi" SSRİ çempionatının güclülər dəstəsində 13-cü olub. Kubokda isə 2-ci raundda mübarizəni dayandırıb.

İkinci liqanın IX zonasında Azərbaycan klubları uğursuz çıxış edib. Xankəndi "Qarabağ"ı 10-cu, Lənkəran "Xəzər"i 11-ci, "Kəpəz" 13-cü, Mingəçevir "Avtomobilçi"si 15-ci, Naxçıvan "Araz"ı 16-cı yeri tutub.

1995

Müstəqilliyin ilk "Qaban"ı futbolumuza "qara günlər" bəxş edib. Millimiz Oserdə Fransa tərəfindən biabırçı məğlubiyyətə məruz qalıb – 0:10. Bu matç Oser faciəsi kimi tarixə düşüb.

Seçmə mərhələlərdəki ilk qolu Slovakiya ilə görüşdə Nazim Süleymanov vurub. İlk xal isə AVRO-1996-nın son görüşündə Trabzonda Polşayla matça təsadüf edib.

Avrokuboklarda ilk qol vurulsa da, ilk xal qazanılsa da, 3 darmadağın qeydə alınıb. "Neftçi" APOEL (0:3, 0:0), "Kəpəz" Vyana "Austriya"sı (0:4, 1:5) önündə aciz qalıb. İlk qolun müəllifi isə Yadigar Süleymanov olub. "Neftçi" Birlik kubokunda da qrupda qalmağın acısını yaşayıb.

Daxili arenada isə "Kəpəz" ilk dəfə Azərbaycan çempionu olubsa, "Neftçi" ilk dəfə kuboka yiyələnib.

2007

"Qaban" yenə millini biabır etdi. Komandamız seçmə mərhələlərdə ən ağır ev məğlubiyyətini Serbiyadan aldı – 1:6. Finlandiya üzərində 1:0 hesablı qələbə isə hər tsikldə qeydə alınan təsadüflərdən biri idi.

İlin ən yaddaqalan hadisəsi AVRO-2008-in seçmə mərhələsində eyni qrupa düşən Azərbaycan və Ermənistan millilərinin oyunlarının baş tutmaması oldu. UEFA iki komandanı bir araya gətirməkdə aciz qaldı. Nəticədə hər iki yığma tsikli 2 matç az keçirməklə başa vurdu. Məhz bundan sonra qurum münaqişəli ölkələrin komandalarını püşkdə ayırmağa başladı.

Klublarımız beynəlxalq arenada uğursuzluğa davam etdi. "Bakı" İntertoto kubokunda, "Xəzər Lənkəran" çempionlar Liqasında, "Neftçi" və "MKT-Araz" UEFA kubokunda ilk raundda uduzdu. Paytaxtın eyniadlı təmsilçisi Birlik kubokunda 1/4 finalda dayandı.

2007-ci il həm də AFFA-nın 2-ci prezidenti Ramiz Mirzəyevin ölümü ilə yadda qaldı. Bu, növbədənkənar seçkilər zərurəti yaratdı və 2008-ci ildə baş tutdu.

"Xəzər Lənkəran" "Qızıl dubl"la daxili arenada hamıdan güclü olduğunu göstərdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest