Portuqaliya Liqa kubokunda növbəti oyunlar keçirilib. Matç.az xəbər verir ki, 3-cü mərhələnin D qrupunda mübarizəyə yekun vurulub.

Azərbaycan yığmasının futbolçusu Renat Dadaşovun çıxış etdiyi "Eştoril" 3-cü turda "Maritimo"nun qonağı olub. Təmsilçimizin komandası səfər matçında 1:0 hesabı ilə qalib gəlib.

Renat qarşılaşmaya start heyətində çıxıb. 90 dəqiqə meydanda olan futbolçu qol və ya vərəqə ilə fərqlənməyib.

Bu qələbədən sonra xal hesabını 6-ya çatdıran "Eştoril" "Sportinq" və "Farense" ilə eyni göstəriciyə imza atıb. Top fərqində 1-ci olan "Sportinq" yarımfinala yüksəlibsə, Renatın komandası 2-ci yeri tutub.

Qeyd edək ki, yarımfinalda "Sportinq"lə "Braqa" üz-üzə gələcək. "Benfika"nın rəqibi isə bu gün keçiriləcək C qrupunun matçlarından sonra bəlli olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest