Matc.az sizi "Qarabağ" klubunun və Albaniya milli komandasının sabiq futbolçusu Ansi Aqollinin müsahibəsi ilə tanış edir:
 
- Albaniya mətbuatında çıxan xəbərlərə görə, 2016-cı ildə yığmanın keçmiş baş məşqçisi Canni De Byaziyə verilmiş diplomatik pasport ləğv edilib. Məsələdən məlumatınız var?
- Bəli, doğru xəbərdir. Avropa çempionatının final mərhələsinə vəsiqə qazananda Albaniya hökuməti De Byazi də daxil olmaqla, milli komandanın bütün üzvlərinə diplomatik pasport vermişdi. Amma bir həftə öncə həmin sənədləri bizdən aldılar.
 
- Bu addım hansı səbəbdən atılıb?
- Səbəbini mən də bilmirəm. Açığı, bir az əsassız qərardır. çünki pasportun vaxtının bitməsinə hələ 5 il qalmışdı.
 
- ümumiyyətlə, bu pasportun nə kimi üstünlüyü var?
- Belə bir pasportunuz varsa, avtomatik olaraq, diplomatik heyət üzvü hesab olunursunuz. Məsələn, Rusiyaya getmək istədikdə, viza lazımdır. Amma bu sənədlə vizaya ehtiyac qalmır. Pasport daim yanımda olsa da, ondan heç vaxt istifadə etməmişəm.
 
- Azərbaycan millisinin Dç-2022-nin seçmə mərhələsində Portuqaliya və Serbiya yığmalarına qarşı oyunlarını izlədinizmi?
- Əlbəttə. Nəticələr yaxşı olmadı. Portuqaliyaya məğlubiyyət məntiqlidir. çünki çox yaxşı kollektivdir. Daha əvvəl biz də bu yığmaya qarşı oynamışıq. Eyni şeyi bizə qarşı da etmişdilər: topa nəzarət, çoxlu qol şansı, biz tərəfdən isə yalnız müdafiə. Serbiya ilə matçda isə xal qazanmaq üçün əla şans var idi. Amma hesabı bərabərləşdirdikdən sonra rəqibə bu qədər asan qol şansı verməmək üçün daha çox mübarizə aparmalı, meydanda bütün gücünü ortaya qoymalısan. Belə rəqiblər yarım-şansdan da istifadə edirlər. Bu səviyyədə hər detal fərq yaradır. Nəticə qazanmaq istəyirsənsə, meydanda ürəyini qoymalı, lazım gələrsə, otu yeməlisən. çünki bayraq və öz xalqın üçün oynayırsan.
 
- Albaniya yığması isə seçmə mərhələyə 2 qələbə və 1 məğlubiyyətlə başladı. Doğma komandanızın çıxışı barədə nə deyə bilərsiniz?
- Start uğurlu oldu. 3 oyundan 6 xal götürdülər. Sadəcə İngiltərə millisinə uduzdular ki, bu da başadüşüləndir. Rəqib dünya nəhəngidir. Daha yaxşısını edə bilərdilərmi? Düşünürəm ki, mümkün idi. çünki yığmanın keyfiyyəti var. Sadəcə, rəqibdən daha çox mübarizə aparmalısan.
 
- "Qarabağ"ı diqqətdə saxlayır, oyunlarına baxırsınız. Son turda "Keşlə" ilə heç-heçə etsələr də, "Neftçi"nin məğlubiyyətindən sonra Azərbaycan Premyer Liqasının turnir cədvəlində liderliyə yüksəldilər. Komandalar arasında çempionluq şansını necə dəyərləndirirsiniz?
- Hələ heç nə bitməyib, mübarizə davam edir. Amma "Qarabağ"da qələbə mentaliteti və təcrübəsi var. Bu, komandaya kömək edəcəkmi? Hər şeyi zaman göstərəcək.
 
- Gələcəkdə sizi yenidən "Qarabağ"da görə bilərik?
- Hazırda ailəmlə birlikdə ABŞ-da yaşayıram. Cəmi 5 ay ərzində 80-dən çox uşaq toplayan akademiyam var. Mənə görə, "Qarabağ" Avropanın ən peşəkar məşqçi heyətinə malikdir. Amma bir gün baş məşqçi Qurban Qurbanov mənim köməyimə ehtiyac duysa, heç vaxt imtina etmərəm. Bu komandada oynamaq mənim üçün böyük şərəf idi. Fürsətdən istifadə edib, Azərbaycan xalqına da təşəkkürümü bildirmək istəyirəm. Onların sevgisi məni planetin ən xoşbəxt insanı etdi. Bu insanların qəlbimdə xüsusi yeri var.
 
- Fevralda Bakıya səfəriniz zamanı müsahibənizdə "Qarabağ"la mümkün əməkdaşlıq variantını istisna etməmişdiniz. Bu istiqamətdə hər hansı irəliləyiş var?
- Əlbəttə, əməkdaşlıq olacaq. Pandemiyanın bitməsini gözləyirik. Gələcəkdə akademiyamızın uşaqlarını Bakıda turnirə gətirməyi planlaşdırırıq. Bu, onlar üçün də böyük təcrübə ola bilər.
 
- Bəs "Qarabağ"ın azyaşlı futbolçularının sizin akademiyanızda təcrübə keçmələri necə, mümkündürmü?
- Niyə də olmasın?! Amma akademiya cəmi 5 aydır fəaliyyət göstərir. Görüləsi işlərimiz çoxdur. (Report)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest