Biz Qarabağı geri aldıq. Vaxtı çatdı Azərbaycan ordusu öz sözünü dedi. Görüləsi işlərimiz, deyiləsi sözümüz hələ çoxdu. Bundan sonra da Vətən müharibəsindən əvvəl apardığımız mücadiləni yeni reallıqlar çərçivəsində davam etdirəcəyik.  
 
Vətən müharibəsinə qədər səngərdə dayanan oğullarla yanaşı informasiya savaşında da hər an ayaqda olanlar, bir an belə bu mücadiləni dayandırmayanlar təkcə xalqın qələbəyə olan inamını qoruyub saxlamadı, həm də "Qarabağ münaqişəsi" adlandırılan bu ölüm-dirim savaşında dünyanın gözünü açmaqda, Qarabağ həqiqətlərini dünyaya car çəkməkdə davam elədi.
İnformasiya savaşının 3 əsas istiqaməti var – daxili auditoriya, xarici auditoriya, düşmən auditoriyası.
Və İnformasiya savaşının aparılması üçün 3 əsas müstəvi var – Beynəlxalq təşkilatlar, beynəlxalq mədəniyyət və idman tədbirləri, kütləvi informasiya vasitələri.
 
Qarabağ işğal altında olduğu illərdə informasiya savaşında uğur qazandığımız ən mühüm müstəvilərdən biri  məhz kütləvi idman tədbirləri idi.
Sözsüz ki, bu cəbhədə uğurlarımızın ən ciddi səbəbinin adı –  "Qarabağ" idi.
özü işğal altında olan bir şəhərin futbol klubu "Qarabağ".
 
Klubun prezidenti Abdulbari Gözəlin 2015-ci ildə "Qarabağ" çempionluğu bayram edən zaman verdiyi müsahibədə maraqlı bir fikir söyləmişdi:
"ümummilli lider Heydər Əliyev mənə dedi ki, bu komandanı götür və "Qarabağ"ı dünyaya tanıt".
Sözsüz ki, bu informasiya savaşı üçün düşünülmüş çox unikal bir əməliyyyat planı idi. Amma planın olması hələ hər şey demək deyil. Meydana çıxacaq 11 nəfər və bu 11 nəfəri idarə edəcək komandir olmadan bu savaşa girişmək mümkün deyildi. "Qarabağ"ı ölkə daxilində qalib etmək minimal tələb ola bilərdi. Əsas məsələ "Qarabağ"ı Avropaya çıxarmaq və maksimal nəticə isə "Qarabağ"ı dünyaya təqdim etmək idi.
 
Avropa klubları qarşısında boynunu büküb dayanan bir komanda lazım deyildi bizə. Uduzmağı ilə də yaddaşlarda qalacaq bir komanda lazım idi Azərbaycana.
Bəli, bəli. Belə bir komanda təkcə Ağdama yox, təkcə Abdulbari Gözələ yox, təkcə klubda çalışanlara yox, bütövlükdə Azərbaycana lazım idi.
Azərbaycanın haqq səsini Avropaya, dünyaya car çəkəcək bir ordu yaratmaq lazım idi…
Ordu o zaman qalibiyyət ordusu olar ki, onun öz işini bilən komandiri, sərkərdəsi olur.
Vaxt gəldi, zaman yetişdi "Qarabağ"ın da sükanı sərkərdə iradəli bir şəxsə həvalə olundu.
Yorulmadan, usanmadan, addım-addım, təmkinlə irəli apardı bu komandir "Qarabağ"ı. Onun uğuru təkcə "Qarabağ" üçün deyildi, həm də Qarabağ üçün, Azərbaycan üçün idi. Hər oyuna yeni bir əməliyyata, döyüşə girirmiş kimi girdi "Qarabağ". Avropadakı oyunlarında bəzən uduzanda da dünyaya Qarabağ mesajı verdi.
 
Bax beləcə komandanın sükanını əlində inamla saxlayan komandir informasiya savaşında öz sözünü dedi, düşmənin acı röyasına çevirdi, "Qarabağ"ı.
Bu gün o komandirin – informasiya savaşında "Qarabağ" batalyonuna rəhbərlik edən komandirin, nisgilli vaxtlarda bu xalqın qəlbində ümid çırağının sönməməsi üçün əlindən gələni edən, klubun baş məşqçisi Qurban Qurbanovun doğum günüdür.
Yaxşı ki, varsan Qurban Qurbanov, yaxşı ki, "Qarabağ"ın sükanı arxasındasan!!!
 
Asəf Quliyev
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest