Yanvarın 12-dən 19-dək Bakıda, 19-dan 31-dək isə Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində yeni ad var. Matç.az saytının məlumatına görə, Sərhat Taşdəmir ilk dəfə millimizə cəlb ediləcək.

Adətən Rusiya və Türkiyədə oynayan oyunçular milliləşdirildiyindən, Taşdəmirin dəvət edilməsi diqqətçəkən olub. Bəs Sərhat kimdi və yığmamız üçün necə perspektiv vəd edir?

2000-ci il təvəllüdlü cinah yarımmüdafiəçisi İngiltərə Milli Liqasında çıxış edən "Fayld"ın formasını geyinir. Məhz bu klubun akademiyasının yetirməsi olan hücumameyilli oyunçu 2017-ci ildə 2+1 illik peşəkar müqavilə imzalayıb. İlk mövsümündə keçirdiyi 28 oyunda 5 qol vuraraq, klub tarixinin ən gənc bombardiri olub. Komanda yoldaşlarının "Tuqay" (Tuqay Kərimoğluya bənzədilir) ləqəbi qoşduğu Sərhat tanınmış menecer Deyv Kallinor tərəfindən 2017-18 mövsümünün ən yaxşı gənc oyunçusu seçilib.

Cari mövsümdə 4 qolun müəllifi olan oyunçunun yayda daha güclü kluba keçməsi gözlənilir. çünki uğurlu çıxışı sayəsində bir neçə komandanın transfer gündəminə düşüb. "Stok Siti", "Lids" və "Midlsbro"nun hədəfində olan Azərbaycan yığmasının debütantı üçün ən diqqətçəkən klub "Lester"di. Riyad Marezi "Mançester Siti"yə satan "Lester" rəhbərliyi məhz Taşdəmiri gələcəkdə komandanın lideri gözündə görür. "Tülkülər"in baş məşqçisi Klod Pyuel də onun gələcəkdə əsas komandanı gücləndirəcəyi qənaətindədi. "Lester" artıq bir ildi izlədiyi Sərhatı mövsümün sonunda transfer etmək niyyətindədi.

Qeyd edək ki, əsas mövqeyi sağ cinah yarımmüdafiəçisi olan Sərhat Taşdəmir eyni zamanda solda da çıxış edə bilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest