Azərbaycan Premyer Liqasında çıxış edən "Qəbələ" və "Səbail" klubları UEFA yarışlarında iştirak üçün lisenziya ala bilməyib. Matc.az xəbər verir ki, bu barədə qərar AFFA-nın Lisenziya Komissiyasının iclasında qəbul edilib.
 
Toplantıda 2021-2022-ci il mövsümündə UEFA-nın klub və Azərbaycan Premyer Liqası yarışlarında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.
 
UEFA-nın klub yarışlarında iştirak etmək üçün "Qarabağ", "Neftçi", "Sumqayıt", "Zirə", "Keşlə" və "Sabah"a lisenziya verilib.
 
"Səbail" və "Qəbələ" avrokubok üçün müsbət cavab almasa belə, növbəti mövsüm Premyer Liqa üçün lisenziya əldə edə bilib.
 
Lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər.
 
UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan Futbol Klublarının Lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2020) 13-cü maddəsinə müvafiq olaraq, 2021-2022-ci il mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün Azərbaycan Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış hesab olunur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest