"Bu gün danışmaqdansa, meydanda çox iş görməliyik. Rəqibi tanıyırıq, bilirik ki, şansımız var və bundan yararlanmağa çalışacağıq". Matç.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov deyib.

Yığmamız sabah UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Farer adalarının qonağı olacaq. Matçöncəsi təşkil edilən mətbuat konfransında Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

- Süni örtükdə çıxış edəcəksiniz və meydançanın ölçüsü kiçikdi. Bunun təsiri nə dərəcədə ola bilər?

- Bəli, meydançaya baxdım. Düşünürəm ki, hava şəraitinin bizə problemi olmayacaq. Diqqətimiz oyunda olmalıdı. Hər iki komanda üçün həm hava şəraiti, həm də meydança amili eynidi. Amma yenə də meydançaya baxanda pis oldum. Buna fikir verməməli, diqqətimizi oyunumuza yönəltməliyik. Doğrudu, bu amilin oyuna təsiri olacaq. Buna baxmayaraq, düşünürəm ki, futbolçular nə etmək lazımdısa, onu da edəcəklər.

- Farer adalarının baş məşqçisi qeyd etdi ki, uzun yolçuluq Azərbaycana çətinlik törədəcək. Siz bu barədə nə düşünürsüz?

- Nə mən, nə də futbolçular bu barədə düşünürük. Hər şeyi başımızdan atmışıq. Heç bir yorğunluq bizə mane olmamalıdı. Sabah ən yaxşı oyunlarımızdan birini keçirməliyik.

- Ramil Şeydayevin formada olmadığını nəzərə alsaq, Rüfət Dadaşovun sabah start heyətində meydana çıxmaq ehtimalı varmı?

- Rüfət bizimlə cəmi 2 məşqdə iştirak edib. Səhər məşqimiz olacaq. Bəzi oyunçularla bağlı o zaman qərar verəcəm. Futbolçu çatışmazlığı və problem haqda düşünmürəm. Komandada hər şey qaydasındadı. Tam hazır və bərk kollektiv şəkildə oyuna çıxacağıq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest