Azərbaycan millisi 2021-ci ildə ilk qələbəsini qazandı. Matc.az xəbər verir ki, ötən həftə Türkiyəyə 1:2 hesabı ilə məğlub olan komandamız bu dəfə Minskdə Belarus üzərində eyni hesablı qalibiyyət əldə etdi.

Yoldaşlıq görüşü
2 iyun

Belarus – Azərbaycan – 1:2
Minks. "Dinamo" Milli Olimpiya stadionu - Hakimlər: Dumitru Muntean, Vadim Vicol, Vladislav Lifciu
Qollar: Maksim Skaviş, 56 – Bədavi Hüseynov, 73, Ramil Şeydayev, 90+1
Sarı vərəqələr: Maksim Volodko, 26 – Emin Mahmudov, 40, Maksim Medvedev, 53, Qara Qarayev, 75, Vüqar Mustafayev, 82, Aleksey İsayev, 90
Belarus: 12. Pavel Pavlyuçenko, 2. Kiril Peçenin (15. Roman Yuzepçuk, 46), 3. Maksim Şvetsov, 4. Maksim Volodko, 5. Artem Bıkov (21. Vladislav Klimoviç, 70), 6. Ruslan Xadarkeviç, 9. Maks Ebonq (18. Pavel Sedko, 84), 11. Maksim Skaviş (k) (17. Andrey Solovey, 83), 13. Nikolay Zolotov (7. Qleb Şevçenko, 76), 14. Evgeni Yablonski, 20. Dmitri Antilevski (19. Dmitri Pedstrelov, 77)
Ehtiyat oyunçular: 1. Anton çiçxan, 16. Vladislav Vasilyuçek, 8. İhar Zayats, 10. Denis Greçixo, 22. Danila Neçaev, 23. Evgeni Şevçenko
Baş məşqçi: Georgi Kondryatev

Azərbaycan: 1. Emil Balayev, 2. Qara Qarayev (6. Vüqar Mustafayev, 76), 3. Azər Salahlı, 4. Höccət Haqverdi, 5. Maksim Medvedev (k), 7. Namik Ələskərov (17. Elvin Cəfərquliyev, 68), 8. Emin Mahmudov (10. Aleksey İsayev, 75), 9. Əli Qurbani (11. Ramil Şeydayev, 68), 15. Bədavi Hüseynov, 18. Anton Krivotsyuk (22. Rüstəm Əhmədzadə, 68), 21. Toral Bayramov (19. Anatoli Nuriyev, 76)
Ehtiyat oyunçular: 12. Aydın Bayramov, 23. Mehti Cənnətov, 13. Abbas Hüseynov, 14. Şəhriyar Əliyev, 16. Elvin Camalov, 20. İsmayıl İbrahimli
Baş məşqçi: Canni De Byazi

Türkiyəyə qarşı mübariz oyun sərgiləyən yığmamızın heyətində bəzi dəyişikliklər edilmişdi. Baş məşqçi Canni de Byazi Alanyada start heyətində meydana çıxan Ramil Şeydayev, Abbas Hüseynov, Elvin Cəfərquliyev və İsmayıl İbrahimlini bu dəfə ehtiyatda saxlamışdı. Əvəzində Əli Qurbani, Azər Salahlı, Toral Bayramov və Höccət Haqverdi start "11-liy"ində idi. Ən diqqətçəkən məqam Höccətin debüt etməsi idi. Türkiyə ilə qarşılaşmada bunu reallaşdıran gənc Toral isə ilk dəfə start heyətində yer almışdı.

Bundan başqa, keçən həftə keçirilən görüşdə sonradan oyuna qoşulan Təmkin Xəlilzadə, Murad Xaçayev, həmçinin ehtiyatda qalan Rahil Məmmədov, Sərtan Taşkın və Rəhim Sadıxov Belarusla oyunun iştirak ərizəsinə salınmamışdı.

Bu dəyişikliklər əsasən rəqibin gücünə görə edilmişdi. çünki Belarus Türkiyə səviyyəsində komanda deyil və onlara qarşı yalnız hücum futbolu sərgilmək lazım idi. Əslində, ad dəyişiklikləri olsa da, düzülüş eyni olaraq qalmışdı. Ancaq fərq ondadı ki, bu dəfə cinah müdafiəçiləri Maksim Medvedevlə Azər Salahlı geri çox gəlmir, əsasən yarımmüdafiəçi kimi çıxış edirdilər. üçlü mərkəz müdafiəsinin mərkəzində debütant Höccət yer almışdı. Oyun üslubunun dərinliyinə varsaq, yığmamız 3-1-4-2 sistemində görünürdü. Topa sahib olduğumuz zaman yalnız Qara Qarayev geridə qalaraq, həm müdafiəçilərə dəstək verirdi, həm də geridən oyun qururdu. Digər oyunçular isə daha çox meydanın rəqibə aid hissəsində olurdular.

İlk dəqiqələrdən hiss olunurdu ki, topa nəzarət əsasən millimizdə olacaq. Hər halda, Belarusda olan nəsil dəyişikliyinin və əsasən yerli çempionatda çıxış edən oyunçuların meydanda olmasının da bunda rolu var idi. Ancaq 6 gün əvvəlki görüşlə müqayisədə yığmamızın da hər xəttində edilən dəyişikliyin mənfi təsiri nəzərə çarpırdı. Höccət Haqverdinin müdafiəçilərlə, Toral Bayramovun isə yarımmüdafiəçilərlə anlaşmada çətinlik çəkməsi yığmanın oyununa təsirsiz ötüşmürdü.

Birinci hissədəki mübarizə ilə bağlı çox da ürəkaçan fikir bildirmək mümkün deyil. Ev sahibləri əsasən əks-hücumlara bel bağlayırdısa, komandamız oyunu rəqib qapısı qarşısında qurmağa çalışırdı. Doğrudu, ötürmələrlə bağlı ciddi sıxıntı olmurdu. Ancaq yığmamızın hücum planında axsaması diqqətdən qaçmırdı. Hücumdakı Namiq Ələsgərov – Əli Qurbani tandeminin passiv görünməsi yarımmüdafiəçilərin işini xeyli artırırdı. Xüsusən də, uzun ötürmələr zamanı topu yerə endirməli, bəzi hallarda isə onu "gizləməsi" gözlənilən Qurbani ümumi ansambldan geri qalırdı. Ələsgərov hərəkətliliyi ilə müdafiəçiləri mümkün qədər təzyiqdə saxlamağa və zərbə mövqeyinə açılmağa çalışırdı. Ancaq Qurbaninin zəif oyunu onun da irəlidə tək qalmasına səbəb olurdu. Pleymeyker Toral Bayramovun hələ tam uyğunlaşmaması, eyni zamanda sürətli hücumlar zamanı yarımmüdafiəçilərin hücumçulara yaxın oynamaması kəsərli həmlələrə imkan vermirdi.

Sevindirici məqam Türkiyə ilə qarşılaşmada "dönən top" probleminin həlli idi. Görünür, de Byazi bunu oyunçulara xüsusi tapşırıb. çünki rəqib oyunçunun zərbəsi zamanı müdafiəçilər dayanmır, topun qapıçıdan dönmə ehtimalını düşünərək, geriyə doğru qaçırdılar. Ancaq ümumilikdə birinci hissədə futbolçularımızda Türkiyə ilə oyundakı istək görünmürdü. Oyunçularımız ön xətdə pressinqə sanki çox meyl etmirdilər. Yalnız hissənin sonlarında təzyiqi artırmaq mümkün oldu. Ancaq bu da topa daha çox yiyələnməkdən ibarət oldu.

Sönük mübarizəyə baxmayaraq, de Byazi fasilədən sonra "11-lik"də dəyişikliyə getmədi. Açığı, ikinci hissədə komandalar nisbətən açıq futbola üstünlük verdilər. Bu da həm tempi artırdı, həm də matçın daha həyəcanlı keçməsinə səbəb oldu. Hər iki komanda artıq qol vurmağa çalışırdı. 56-cı dəqiqədə Belarus yığmasının fərqlənməsi bir qədər gözlənilməz oldu. Hər halda rəqib qol perspektivi olmayan bir hücumda fərqləndi. Müdafiədə gərəksiz top saxlama onu itirməklə nəticələndi və Maksim Skaviş cərimə meydanı həndəvərindən Emil Balayevi məyus etdi. Müdafiəçilər qədər Qara Qarayev və yaxın küncə gələn topa gec reaksiya göstərən Balayev də qolda günahkar idi.

Planda olmayan bu topdan sonra futbolçularımız hücumlara kor-koranə atılmağa başladılar. Bu, hətta müdafiədə ciddi boşluqlar yaranmasına da gətirib çıxarırdı. Komandanın oyununun alınmadığını görən de Byazi 68-ci dəqiqədə Rüstəm Əhmədzadə, Ramil Şeydayev və Elvin Cəfərquliyevi meydana buraxmaqla həm hücum xəttini, həm də oyunu sistemini tamamilə dəyişdi. 4-lü müdafiəyə keçid və irəlidəki oyunçuların görüşə uğurlu qoşulması yığmamızın daha kəsərli görünməsinə səbəb oldu. Bu canlanma tezliklə öz nəticəsini verdi. Oyunboyu standart vəziyyətlər zamanı "ikinci mərtəbə"də rəqibə uduzan futbolçularımız 73-cü dəqiqədə məhz hava mübarizəsindən bərabərlik topunu vurdu.

İtaliyalı çalışdırıcının növbəti müdaxiləsi orta sahə ilə bağlı oldu. Bu dəfə yarımmüdafiəçilərin hər üçü dəyişdirildi. Sevindirici məqam debüt matçına çıxan Rüstəm Əhmədzadənin keyfiyyətli oyun ortaya qoyması oldu. Gənc forvardın, xüsusən də Ramil Şeydayevlə irəlidə uğurlu tandem təşkil etməsi millimizə hələ çox xeyir verəcəyinə işarə idi. Əhmədzadə hətta çətin epizodda debütünü qolla da qeyd edə bilərdi. Sonradan meydana daxil olanların komandanın gücünə güc qatması son dəqiqələrdə belarusluları çətin duruma saldı. Getdikcə təzyiqi artırmağımız qələbə topunun xəbərçisi idi. "Gəlirəm" deyən bu qola da Şeydayev fərdi keyfiyyətlərini də qataraq baxımlı zərbə ilə imza atdı.

Beləliklə, əvəzləmələrlə özünə gələn millimiz əlavə olunmuş vaxtı da nəzərə alsaq, son yarım saatdakı baxımlı oyunu sayəsində əzmkar qələbə qazandı. Uğursuz seriyaya son qoyulması iyunun 6-da Moldova ilə keçiriləcək növbəti yoldaşlıq görüşü öncəsi komandada özünəinam baxımından vacib idi...

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest