"ölkənizdən ayrıldıqdan sonra Xorvatiyaya qayıtdım. Hazırda Zaqrebdə evimdəyəm. Pandemiya səbəbindən yeni iş tapmaq çətindi. İnşallah, tezliklə yeni təyinat alaram". Bu sözləri matc.az saytına Azərbaycan yığmasının sabiq baş məşqçisi Nikola Yurçeviç deyib.  

Hazırda Vətənində istirahətdə olan xorvatiyalı mütəxəssisin sözlərinə görə, ölkəmizdən ayrılmasına baxmayaraq, Bakı ilə əlaqələrini kəsməyib: "Paytaxtınızda bir çox insanla yaxşı münasibətlərim var. Onlarla indi də təmasdayıq. Mənim və ailəmin Azərbaycandakı dövrü çox gözəl idi. Bakıdakı həmin müddəti heç vaxt unutmayacağam".

Azərbaycandakı fəaliyyətinə toxunan Yurçeviç bildirib ki, həmin vaxt rəhbərlik etdiyi milli komandamız çətin qrupda yer almışdı: "ümumiyyətlə, Azərbaycan yığmasının hər bir baş məşqçisi çox çətin vəziyyətlə üzləşir. çünki insanlar Azərbaycan millisi ilə Avropa komandası arasında reallığı və fərqli keyfiyyət səviyyəsini başa düşmək istəmirlər. Biz çox güclü qrupa düşmüşdük. Daha çox xal toplamaq asan deyildi. Xorvatiya ilə görüşdə 1 xal qazandıq. Digər 4 oyunda daha çox xal toplamağa çalışdıq. Biz buna layiq idik, amma təəssüf ki, bu, baş vermədi. Məsələn, qrupumuzda San Marino və yaxud Andorra kimi komanda yox idi. Bu komandalarla eyni qrupda olsaydıq, daha çox xal qazanardıq. Azərbaycan FİFA reytinqində ilk "yüzlük"dən kənardadı. Bir gecədə nəyisə dəyişmək mümkünsüzdü. Vaxta ehtiyac var, irəliyə doğru ancaq addım-addım gedirsən. Mən daha çox gənclərə  - Mahir Emreli, ömər Buludov, Anton Krivotsyuk, Ramil Şeydayev, Abbas Hüseynov, Renat Dadaşov, Bəhlul Mustafazadə kimi futbolçulara şans verdim.  Təcrübə və gənclərin birliyindən uğur qazanmaq istəyirdim. İndiki baş məşqçi Canni de Byazinin bəzi yaxşı futbolçular tapdığını gördüm və bu, yaxşı yoldur".

Yurçeviç Azərbaycan yığmasının son iki yoldaşlıq görüşünü izlədiyini və sabiq komandasının çıxışını bəyəndiyini vurğulayıb: "Türkiyə və Belarusla oyunlara baxdım, Azərbaycan yığması Türkiyədə yaxşı təsir bağışladı. Hesabı açsa da, təəssüf ki, məğlub oldu. Belarusla qarşılaşmaya gəlincə, Azərbaycan çox yaxşı çıxış etdi. Gözəl kombinasiya, gözəl qollarla əzmkar qələbə qazandı".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest