Azərbaycan çempionatının qış fasiləsi transferlərin kasadlığı ilə diqqət çəkir. Matç.az xəbər verir ki, cəmi 8 komandanın mübarizə apardığı Premyer Liqada qış "transfer pəncərəsi"nin rəsmən açılmasından öncəki dövr fəallıq müşahidə olunmur.

Amma azsaylı keçidlərdə qapıçıların sayı göz oxşayır. Artıq 5 qolkiper klubunu dəyişib.

Bu məsələyə müxtəlif prizmalardan yanaşmaq olar. Mövzuya onların neçənçi komandasına keçdiyi tərəfdən nəzər salmaq da maraqlıdı.

"7"də qaldı

Qışda klubunu dəyişənlər arasında rekordçu Anar Nəzirovdu. "Zirə"ni "Qəbələ"yə dəyişən qolkiper Premyer Liqada 7 klubun formasını geyinib. "Kəpəz", "Turan", "Neftçi", "Standard", "Sumqayıt"da da oynamış Nəzirov üçün "Qəbələ" də yeni klub deyil. Əvvəllər də bu komandada oynamış qapıçı bu sayı "8"ə çatdıra bilməyəcək.

Aqil "5"ə çatmır

Anar kimi Aqil Məmmədovun da klub sayı dəyişməz qalacaq. "Qəbələ"dən "Neftçi"yə üz tutan qolkiper bu komandada da oynayıb. Onun zəngin sayılması mümkün olmayan Premyer Liqa karyerasında cəmi 4 klub var. Adıçəkilən komandalardan başqa "Bakı" və "Şüvəlan"da da Məmmədova ehtiyac olub.

Əzizli və Sadıqlı üçün yeni məkan

Digər iki qapıçı isə özünün 4-cü komandasında debüt edə bilər. Söhbət Rəşad Əzizli ilə Orxan Sadıqlıdan gedir. "Sumqayıt"dakı icarədən "Keşlə"yə qayıdan, ordan da "Zirə"yə keçən sonuncu Premyer Liqada 3 komandada oynayıb. O, doğma klubu "Xəzər Lənkəran"dan başqa qeyd etdiyimiz 2 komandada forma geyinib. Rəşad isə cari mövsümdə meydana çıxmadığı "Neftçi"dən "Sumqayıt"a üz tutub. İndiyədək ancaq paytaxtdan oynayan qapıçı "Neftçi"yədək "Rəvan"la "Şüvəlan"da çıxış edib.

Debüt arzusunda

Klubunu qışda dəyişən Aydın Bayramov isə hələ Premyer Liqada debüt etməyib. "Sabah"da ehtiyatda qalan qolkiper siftə etmək ümidi ilə "Sumqayıt"a yollanıb. Oyun sayı sıfra bərabər olan qolkiper bu rəqəmi yeni klubunda dəyişib-dəyişməməsinə mövsümün ikinci yarısında aydınlıq gələcək.

ONun astanasında

Hazırda Premyer Liqa klublarının heyətində olan qapıçılar arasında rekordçu isə Fərhad Vəliyevlə Davud Kərimidi. "Keşlə"də ehtiyat qapıçı olan sonuncu da, "Səbail"in oynayan məşqçisi sayılan, lakin cari mövsümdə meydana çıxmayan Fərhad da Premyer Liqada 9 klubun formasını geyinib. Davud "10"a çatmaq üçün klubunu dəyişməlidi. Vəliyev isə "Səbail"də debüt etsə, özünün 10-cü klubunda oynamış olacaq.

Əlçatmaz Etibar

Azərbaycan çempionatlarına nəzər salsaq, klub dəyişmək üzrə qapıçılar arasında rekordçu Etibar Tarıverdiyevdi. Artıq neçə ildi qolkiperlərlə işləyən məşqçi Premyer Liqada 11 klubun formasını daşıyıb.

Azərbaycan Premyer Liqasında (yüksək dəstə) ən çox klubda oynayan qapıçılar

1. Etibar Tarıverdiyev – 11 (Turan, ANS-Pivani, MOİK, Fərid, Neftçi, Bakılı, Bakı, Şəmkir, Qarabağ, Karat, MKT-Araz)

2-3. Cahangir Həsənzadə - 10 (MOİK, Fərid, Neftçi, Bakılı, Şəfa, Qarabağ, Keşlə, Qəbələ, Şüvəlan, Xəzər Lənkəran)

2-3. Rauf Mehdiyev – 10 (Azneftyağ, Azəri, Neftçi, Fərid, MOİK, Şəmkir, Qarabağ, Bakı, Şüvəlan, Karvan)

Qeyd: adını dəyişən klublar daşıdığı son adla göstərilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest