"Neftçi" inqilabi dəyişiklər astanasındadı. Gəldiyi gündən 1 il keçməsə də, futbolçu, azarkeş və AFFA ilə münasibətləri bərbad vəziyyətə salan Kamran Quliyev yol üstündədi. "Flaqman"ın baş sponsoru SOCAR-ın "Neftçi"yə ayırdığı maliyyə vəsaitinə nəzarət edən Mikayıl İsmayılovun timsalında özünə etibarlı dayaq tapdığını düşünən Quliyevin ümidləri doğrulmayıb. "Dayday" seçimində yanılan Kamran Quliyevin ən yaxın zamanda futboldan qovulacağı barədə söhbətlər səngimir. Amma yalnız bununla canını qurtarması üçün daimi sakini olduğu məsciddə min dəfə dua oxumalıdı.

Hələliksə, Quliyev çox güman həyatında son dəfə bir futbol komandası ilə təlim-məşq toplanışına yollanır. Amma bərbad idarəçiliyi ilə azarkeşləri "Neftçi"dən küsdürən Quliyev çətin ki, bu arada "flaqman"a hansısa fayda versin.

SOCAR rəhbərliyinin böyük ümidlər bəslədiyi Kamran müəllim büdcəsinə görə bəlkə də ölkənin aparıcı futbol klubuna fəsadları sonra bilinəcək zərbələr vurub. Braliç, Karikari, Paratski və başqa aşağı səviyyəli futbolçulara ödənilən fantastik məbləğlərlə bu günə, aşağı yaş qruplarında illərin əziyyətinə yetişmiş istedadlı uşaqları pərən-pərən salmaqla sabaha, azarkeşləri tribunalardan uzaq salmaqla tarixə sayğısızlığını göstərən "xarizmatik" prezidentin əməlləri yuxarıların nəzərindən qaçmayıb. Artıq o özü də vəziyyəti anlayıb və çemodan əhval-ruhiyyəsindədi. "Neftçi"dən gedişi gündəmdə olan Quliyev hazırda futboldan ömürlük silinməmək üçün çabalayır.

Sumqayıtda işlədiyi dövr daha çox başqa əməlləri ilə ad çıxarsa da, Samir Abasovun məşqçilik və idarəçilik istedadı sayəsində özünə müsbət imic qazanan Quliyev sonda baş məşqçiyə də, futbolçulara da, "Gənclik şəhəri"nin əhalisinə də xəyanət etdi. "Sumqayıt"ın ötən mövsüm medalsız qalması və avrokuboklara düşməməsi Kamran bəyin bu kluba "çox sağ ol"u idi.

Yaxın münasibətdə olduğu Orxan Hüseynzadənin uzun müddətdi əziyyət çəkib son illərin ən böyük uğuruna daşıdığı "Neftçi"də hazırın nazirinə gələn Kamran müəllim dərhal medal qazandı və komanda indi çempionatda liderdi. çörək kəsdiyi adamın yerinə gəlmək, torbasını tikmək, illərdi çörək yediyi yerə tüpürmək kimi məsələlərin mənəvi tərəfini qoyaq kənara. Amma "Neftçi"nin liderliyini dərindən təhlil etsək görərik ki, bunda əsas pay Orxan Hüseynzadənin gətirdiyi futbolçuların və azarkeşlərindi.

Bütün yazdıqlarımızı və yazmadıqlarımızı Kamran Quliyevin şefləri daha yaxşı bilir. Buna görə də artıq qərar verilib. Martda, uzağı mövsümün sonunda Quliyev "Neftçi" tarixində ən az işləmiş prezident kimi vəzifəsindən gedəcək. Artıq prezidentliyə yeni namizədlərin də kimliyinə aydınlıq gəlib. Bu haqda az sonra matc.az-da eksklüziv məlumatı oxuya bilərsiniz...

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest