Təlim-məşq toplanışının Bakı mərhələsini başa vuran "Neftçi" artıq Antalyadadı. Matç.az saytının məlumatına görə, yanvarın 27-dək qonşu ölkədə qalacaq bakılılar 3 yoxlama görüşündə qüvvəsini sınayacaq.

Rəqiblər "Qaz Metan" (Rumıniya), "Slovan" (çexiya) və "Beroe" (Bolqarıstan) olacaq. Halbuki, "ağ-qaralar"a öncə başqa rəqiblər təklif olunub. Belə ki, yoxlama görüşlərini təşkil edən şirkət "Neftçi"yə Rusiyanın "SKA-Xabarovsk" və Macarıstanının "Uypeşt" klublarını təklif ediblər. Bu iki ad isə paytaxt təmsilçisinə yaxşı tanışdı.

Düz bir il əvvəl yanvarın 22-də Antalyada məhz "SKA-Xabarovsk" "Neftçi"ni rüsvay etmişdi - 8:1. Elə "Uypeşt" də ötən ilin iyulunda Roberto Bordinin kollektivinə şok yaşatmışdı. Avropa Liqasının I təsnifat mərhələsində təmsilçimiz Bakıda 3:1 hesabı ilə qalib gəldiyi rəqibinə Macarıstanda 0:4 yenilərək mübarizəni dayandırmışdı.

Bu komandalarla yenidən qarşılaşıb, onlardan qismən də olsa revanşı almaq klubun öz əlində idi. Lakin həm rəhbərlik, həm də Bordin tarixin təkrarlanmasından qorxaraq, təşkilatçılara "yox" cavabını veriblər.

Qeyd edək ki, "Uypeşt" yanvarın 16-da Azərbaycanın digər klubu "Qarabağ"la yoxlama görüşündə üz-üzə gələcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest