2015-16 mövsümündəki gümüş mükafatın ardından son iki ildə 4-cü yeri tutan "Zirə"nin ötən mövsüm avrokubok yolunu "Keşlə" kəsdi. Halbuki komanda ilk "dördlüy"ə düşməklə Avropa Liqası yolunda böyük məsafə qət etmişdi.

Sadəcə, "Keşlə"nin ölkə kubokunu qazanması planda yox idi. Premyer Liqada ötən mövsümü ikinci pillədəki "Qəbələ"dən cəmi 5 xal geridə tamamlayan bakılıların avrokuboka düşməməsi "transfer bazarı"ndakı fəaliyyətə də təsirsiz ötüşmədi. Əsas heyət oyunçularından Jozef Bum, Yovan Krneta, Viktor İqbekoyi, Milan Duriç və Riçard Qadze yola salındı. Qadze ilə maliyyə məsələsində razılıq əldə olunmadısa, Bum bir növ ölkədən qaçdı. İcarə müddəti başa çatan Yani Urdinov və Comal Evans Uilyams ümidləri doğrultmadığından, onların qalmasınma ehtiyac duyulmadı. Yerlilərdən isə Aleksandr Şemonayev və Orxan Əliyevlə müqayisədə Elşən Abdullayevin gedişi yerinə düşmədi.

Gedən 7 əcnəbinin əvəzinə rəhbərlik 4 transferlə kifayətləndi. Bunlar Miloş Radivoyeviç, Bilal Həmdi, Dilan Duventru və Adrian Skarlatake idi. İlk 3 futbolçu əsas heyətdə çıxış etməsinə baxmayaraq, gedənlərin boşluğunu dolduracaq performansı ortaya qoymadı. Birinci turda "Keşlə"nin formasını geyinən Skarlatake isə son anda alınmasına baxmayaraq, zədə ucbatından cəmi 6 qarşılaşmada iştirak edə bildi.

Yerli bazarda nisbətən fəallıq nümayiş etdirən paytaxt təmsilçisi Pərdis Fərcad-Azad, Aqşin Quluzadə, İlkin Qırtımov, Murad Musayev, Budaq Nəsirov və Kamal Mirzəyevlə gücləndi. Onlardan isə yalnız Qırtımov və Pərdis müntəzəm oynamaq imkanı qazandı. Ancaq onlar da komanda yoldaşlarından çox fərqlənmirdilər. Xüsusən də, Pərdis oyunlar zamanı hücumda fəal görünsə də, komandasının qol probleminə çarə olmadı.

Baş məşqçi Ayxan Abbasovun kollektivinin zəifləmiş heyətlə iddialılar sırasında qərarlaşması, onsuz da, gözlənilmirdi. Abbasov isə cəmi 2 matçda komandanı meydana çıxara bildi. "Keşlə" ilə heç-heçə və "Sabah"a məğlubiyyətdən sonra onunla yolları ayırmaq qərarı verildi. Hadisələrin gedişi isə göstərdi ki, rəhbərlik bu addımı atmaqda tələsdi. Hər halda baş məşqçi postuna gətirilən Samir Abasov vəziyyəti müsbətə doğru dəyişə bilmədi. Əksinə, komanda daha uğursuz nəticələr göstərməyə başladı.

Abasov sentyabrın ortalarında təyin olunduğundan, yeni transferlərə vaxt qalmamışdı. Onun rəhbərliyi altında komanda ardıcıl 4 məğlubiyyət aldı. Təsadüfi deyil ki, "Zirə" ilk qələbəsini VII turda "Qəbələ" üzərində qazandı. Bunun üçün isə azarkeşlər təxminən 2 ay gözləməli oldular. Yalnız 10-13-cü turlar aralığını Samir Abasov və komandası üçün uğurlu period saymaq olar. Hər halda autsayderlər zonasında qərarlaşan kollektivin ardıcıl 3 heç-heçə və 1 qələbəsi pis nəticə sayılmamalıdı. Qış fasiləsi öncəsi son turda "Qarabağ" önündə aciz qalan "Zirə" (0:6) ikinci yarıya turnir cədvəlinin sonuncusu kimi başlayacaq. "Zirzəmi"dən qurtulmaq, hətta avrokuboka iddia etmək möcüzə deyil. çünki 4-cü yerdəki "Sabah" cəmi 7 xal öndədi.

Lakin Avropa Liqasına ən yaxın yol ölkə kubokudu. 1/4 finalda "Səbail"i üstələyən "Zirə" üçün yarımfinalı keçmək sensasiya olmaz. çünki rəqib autsayderlər zonasında qərarlaşan digər komanda "Sumqayıt"dı. Bu duel isə baş məşqçilər üçün prinsipial əhəmiyyət daşıyacaq. çünki "Zirə"də vaxt verilməyən Ayxan Abbasov "Sumqayıt"ın, ötən mövsüm "kimyaçılar"la avrokuboka yaxın olan Samir Abasov isə bakılıların "sükanı arxası"ndadı.

Hazırda Antalyada təlim-məşq toplanışında olan "Zirə" transfer dönəmini passiv keçirir. Hələlik yalnız Bəxtiyar Həsənalızadə və Orxan Sadıqlı heyətə cəlb olunub ki, onlar da komandadan ayrılan Adil Nağıyevlə Anar Nəzirovun boşluğunu doldurmalıdı. Klub rəhbərliyi 1-2 transferlə işi bitirmək niyyətindədi. Lakin çempionatda sonuncu pillədən qurtulmaq, kubokda isə hədəfə çatmaq üçün, demək olar ki, bütün mövqelər gücləndirilməlidi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest