"Ağ yalandı. Stuxlik özü də bunu təsdiq edə bilər. Maraqlanın, soruşun. Çünki özüm haqqında olan bütün informasiyalar, şəkillər və rəsmi sənədlər onun mail ünvanındadı"

Beynəlxalq Tələbə Futbol Birliyinin (BTFB) icraçı katibi Əfqan Həmzəyevin Fanat.Az-a müsahibəsi

- BTFB-də məsul vəzifəyə təyinatınız necə baş tutdu?

 - Bildiyiniz kimi, Azərbaycan Tələbə Futbol Federasiyasında baş katib kimi ilyarim işləmişəm. BU müddətdə həm daxildə, həm də xaricdə tələbə futbolu üçün çox işlər gördük. Oradan mənim Beynəlxalq Tələbə Futbol Birliyi ilə münasibətlərim yarandı. Onlarla bərabər bir çox beynəlxalq yarışlar təşkil etmişdim. Həm çimərlik futbolu, həm də mini-futbolda. Keçən il mənimlə əlaqə yaradaraq rəsmi olaraq, Moskvaya dəvət etdilər. Bilirdilər ki, mən Dünya Mini-futbol federasiyasının hakimlər komitəsinin üzvüyəm. Məndən Dünya Tələbə Futbol Birliyi ilə Dünya Mini-futbol Federasiyası arasında əlaqəçi olmağımı istədilər. Düşünüb, razılaşdım. WMF-in prezidenti Filip Juda ilə Rusiya Tələbə Futbol Liqasının final mərhələsinə - Smolenskə getdik. Orda BTFB-nin prezidenti Ali Dadaşeviç Alxanovla rəsmi görüşümüz oldu. Alxanov həm də Rusiya Federasiyasının ədliyyə nazirinin muavinidi. Bərabər işləmək perspektivləri haqda danışdıq və gələcək üçün razılıq əldə etdik. Memorandum hazırlandı və 3 ay müzakirələr aparıldı. Nəhayət, Moskvada müqavilə imzalandı.

 - Səhv etmirəmsə, BTFB rəhbərliyi ötən ilin payızında 21 yaşadək futbolçulardan ibarət yığmaların mini-futbol üzrə dünya çempionatına da yollanmışdılar...
 - Bəli. Rusiya rəsmilərini 2018-in oktyabrında Praqada təşkil olunan 21 yaşadək futbolçular arasında mini-futbol üzrə dünya çempionatına dəvət etdim. Ali Alxanov, Andrey Stukalov ve Vitali Şurmanov gəldilər. Həmin dünya çempionatının direktoru idim. İşimi bir daha görüb bəyəndilər. BTFB-də çalışmağımı istədilər. Keçən ilin avqust ayında BTFB-nin baş katibi ukraynalı Oleq Pervuşkin dünyasını dəyişdi. Onunla son görüşümüz Smolenskdə olmuşdu. İllər sürən dostluğumuz var idi. Smolenskdə olanda o, rəsmi toplantıda haqqımda çox yaxşı sözlər işlətmişdi. Onun ölümündən sonra vəzifəsi mənə təklif olundu. Bu təşkilatda məndən öncə Azərbaycanı veteran hakimimiz Orucəli Durmuşov təmsil edib. Məhz onun da səyi nəticəsində peşəkar inkişaf yolunda bu addımı atmağı bacardım.

 - Azərbaycan Tələbə Futbol Federasiyasında (ATFF) ümumi durum nə yerdədi?
 - Yerli tələbə futbol federasiyasının işi ilə ordan uzaqlaşandan sonra dərindən maraqlanmaq imkanım olmayıb. Ona gərə də, bir söz deyə bilmərəm. Yəni, bu gün o haqda dolğun məlumatım yoxdu.

 - Hakimlərdən sizi təbrik edən oldumu?
 - Zöhrab Qədiyev və İham Əliyev... Başqa heç kim zəng vurmayıb. Siyahı tutmamışam. Məncə, ölkə sərhədlərindən kənarda atılan ən kiçik addımı belə, futbol ictimaiyyəti olaraq dəstəkləsək, daha yaxşı olar.

 - Yeni planlar nədən ibarətdi?
 - Sentyabrda Beynəlxalq Tələbə Top festivalı keçirmək istəyirik. Bu ilin oktyabrında Beynəlxalq Tələbə Futbol liqasının təqdimetmə mərasimi olacaq. İlin sonunda bu liqanı işə salmaq fikrindəyik. Afrika zonası üzrə bölgə təmsilçimizi təyin edəcəyik. Eyni proses bütün qitələr üzrə gedəcək. Bundan başqa, qurumun rəsmi nümayəndəliklərini də açmağı planlaşdırırıq.

- BTFB-də çalışmaqla yanaşı, həm də AFFA-da, tutaq ki, Frits Stuxlikin rəhbərlik etdiyi Hakimlər və Hakim-İnspektorlar Komitəsində işləməyiniz mümkündümü?
- Bunun ucun heç bir problem yoxdu. Amma hazırda mümkün deyil. çünki planlarım böyükdü. Başımı ölkədə qatmaq istəmirəm. Bu ilin oktyabrında Avstraliyanın Pert şəhərində mini-futbol üzrə dünya çempionatı baş tutacaq. Ora hazırlaşıram.

 - Komitədəki sabiq həmkarlarınızdan kimsə mətbuata informasiya ötürüb. Deyilənə görə, Stuxlikə yalan danışdığınız üçün sizi üzvlüyə qəbul etməyiblər...
 - Ağ yalandı. Stuxlik özü də bunu təsdiq edə bilər. Maraqlanın, soruşun. çünki özüm haqqında olan bütün informasiyalar, şəkillər və rəsmi sənədlər onun mail ünvanındadı. Mən necə deyə bilərəm ki, gənc hakimlərin – Əliyar Ağayevin, Orxan Məmmədovun  və Rəhim Həsənovun müəllimi olmuşam? Bu gəncləri yetişdirən insanlar var. Onların haqqına necə girmək olar? Bu informasiyaları mətbuata ötürən yazıq adamdı.

 

 Fanat.Az

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest