Antalyada təlim-məşq toplanışında olan "Sabah" ötən gün keçirdiyi yoxlama oyununda Qazaxıstan təmsilçisi "Tobol"la üz-üzə gəlib. Matç.az saytının məlumatına görə, qarşılaşmada Elşad Əhmədovun komandası 2:0 hesabı ilə önə keçsə də, sonradan qapısında gördüyü iki ardıcıl qolla qələbəni əldən verib.

Maraqlıdır ki, məşqçi klubun rəsmi feysbuk səhifəsinə verdiyi açıqlamada bu nəticədə hava şəraitini, xüsusilə də havanın küləkli olması faktorunu qabardıb. O, iddia edib ki, güclü külək bir çox epizodda ötürmələrin ünvana çatmasına mane olub: "Tobol" Qazaxıstanın 3-4 ən güclü komandasından biridi. Bu klub oturuşmuş heyətə, səviyyəli legionerlərə, milli üzvü olan futbolçulara malikdi.

Birinci hissənin ilk 10-15 dəqiqəsindən sonra futbolçularım oyunu tam ələ aldılar. Qısa və orta ötürmələr hesabına hücumlar qururduq. Düzdü, boşluqlarımız da var idi. Ancaq nəzərə alsaq ki, fiziki hazırlıq məşqlərindən sonra ikinci oyunumuzu keçirirdik, komandanın ilk hissədəki çıxışından razı qalmaq olar. Havanın küləkli olması oyuna təsir edirdi. Məncə, külək olmasaydı, daha baxımlı futbol izləyərdik. Güclü külək bir çox epizodda ötürmələrin ünvana çatmasına mane olurdu.

İkinci hissənin ilk 10-15 dəqiqəsi yenə bizim üstünlüyümüz şəraitində keçdi. Komanda yaxşı top saxlayırdı. Bu oyunda futbolçularım verilmiş tapşırığın 75-80 faizini yerinə yetirdilər.

Bu, yoxlama oyunudu. Belə matçlarda dəyişikliklər mütləqdi. Əvəzetmələr komandanın oyununa, nəticəyə təsir etdi ki, bu da, başadüşüləndi. Biz bura təlim-məşq toplanışına gəlmişik. Yoxlama oyunlarında hər bir futbolçuya şans verəcəyik ki, hamı özünü göstərmək imkanı əldə etsin".

Qeyd edək ki, bu, paytaxt klubunun Türkiyədə keçirdiyi ikinci hazırlıq oyunudur. Komanda ilk oyunda "ƏSkişəhərspor"a qalib gəlmişdi – 1:0.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest