Antalyada təlim-məşq toplanışında olan "Neftçi" sabah ilk yoxlama görüşünə çıxacaq. Gözdən-qulaqdan uzaqda - Manavqatda hazırlıq keçən Roberto Bordinin ixtiyarında 24 futbolçu var ki, onların arasında yeni transferlər də, əvəzedici heyətdən götürülən gənclər də var.

Tarix boyu yetişdirdiyi oyunçularla öyünən bakılıların Türkiyə toplanışına əvəzedici heyətdən 4 futbolçu cəlb olunub. 20 yaşlı Əli Şirinov və 19 yaşlı Rəhman Daşdəmirovun əsas heyətə qoşulmasını təqdirəlayiq hal saymaq olar. Ancaq Elnur Süleymanov və Mirkamil Əliyevin orda nə işinin olduğunu başa düşmək çətindi. Əslində, 23 yaşın içində olan bu oyunçuların əvəzedicilərdə nə gəzdiyi özü müəmmalıdı.

Təəssüf ki, Premyer Liqada 1996-cı il təvəllüdlü futbolçular hələ də 21 yaşadək oyunçuların limitinə düşür. Bəlkə də, Bordin bunu nəzərə alıb, Mirkamillə Elnuru ikinci yarı üçün hazırlayır. Bəs görəsən, bu ikili çempionluğa oynayan komandanın gücünə nə dərəcədə güc qata bilər və hansı potensiala malikdi?

Başlayaq Elnur Süleymanovdan. "Keşlə"nin yetirməsi olan yarımmüdafiəçi bu komandanın adı hələ "İnter" olanda Premyer Liqada meydana çıxıb. Bu da 2015-ci ilə təsadüf edir. Bəli, 4 il əvvəl "İnter"də debüt etmiş Elnur 2016-17 mövsümündə də AZAL-ın heyətində elitada 16 matçda meydana çıxıb. Necə "böyük istedad" olubsa, Premyer Liqadan əvəzedicilərə qədər "irəliləməyi" bacarıb. İndi də "Neftçi" rəhbərliyi onu "əvəzedicidən əsas heyətə oyunçu cəlb etmişik" deyərək, bəh-bəhlə qələmə verir.

Mirkamil Əliyev isə "Rəvan"ın yetirməsidi. O, çoxdan tarixə qovuşmuş bakılıların U-19 komandasında UEFA Gənclər Liqasında Moskva "Spartak"ı ilə səfər görüşünün iştirakçısıdı. Bu isə 4 il əvvələ təsadüf edir. "Rəvan"ın U-19 komandasında belə, ehtiyat qüvvə sayılmış Əliyev 2017-ci ildə MOİK-ə üz tutub. O MOİK ki, neçə ildi I divizionda vaxt keçirməklə məşğuldu. Cəmi 3 aydan sonra 24-cü yaşına girəcək Mirkamil də ikinci yarıda "Neftçi"ni "gücləndirəcək" oyunçulardan biri sayılır. Hər halda, Antalyaya aparmaqla məşqçilər korpusu buna işarə vurur.

Təsəvvür edin, mövsümün sonlarında bu "istedad" əsas komandanın heyətində meydana çıxır. Bu isə o deməkdi ki, 23 yaşını qeyd etmiş biri 21 yaşadək oyunçuların limitinə düşəcək.

İstər Elnur Süleymanov, istərsə də Mirkamil Əliyevin "Neftçi"yə necə gəlib çıxması heç bir məntiqə sığmır. Yəni bu klub o qədərmi acizdi ki, MOİK-dən kimisə gətirib, 23 yaşında ona "gəlcəyin ulduzu" adını qoyur? Məlumdu ki, onların gəlişi heç də meydandakı oyunları ilə əlaqədar deyil. Belə olsaydı, 23 yaşda əvəzedicilərdə yox, 18-19 yaşda "Neftçi"nin əsas komandasında yer alardılar. Görünür, burda klub rəhbərliyinin şəxsi marağı var. Bu marağın nədən ibarət olduğunu da yəqin ki, özünüz başa düşdünüz.

Avropada 23 yaşlı futbolçuya indi gənc gözü ilə baxmırlar. Camaat 19-20 yaşlı oyunçulara yüz milyonlarla sərmayə yatırır. Bizim ən köklü klubumuz isə 23 yaşlını hələ bəsləməklə məşğuldu. Klub prezidenti Kamran Quliyev başda olmaqla, rəhbərlik başa düşmür ki, Elnur Süleymanov, Mirkamil Əliyev kimilərini şəxsi maraqlarına görə əvəzedicilərə, əsas komandaya cəlb etməklə, hansısa gənc istedadın önünü kəsir, itib-batmasına səbəb olur.

Yayda fiasko transferlər edən, qışda isə mamaduları gətirən "Neftçi"nin yerliləri də belə olacaqsa, bu komandanın çempionluq xəyalları hələ uzun illər elə xəyal olaraq da qalacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest