Mövsümün arxada qalan ilk yarısında proqnozlar demək olar ki, özünü doğrultdu. Hamı çempionluq yarışında "Qarabağ"a bu dəfə "Neftçi"nin rəqib olacağını deyirdi.

Belə də oldu. Paytaxt klubu uzun müddətdən sonra ilk dəfə azarkeşlərini həyəcanlandırmağı bacardı.

Təbii ki, Roberto Bordinin kollektivinin ilk yarını zirvədə tamamlaması tam olaraq bu komandanın gücündən xəbər vermir. çünki alternativsiz, kasad heyətin "Qarabağ" önündə liderliyi çox saxlaması inandırıcı görünmür.

ötən il Qurban Qurbanovun başının daha çox milliyə və avrokubok mübarizəsinə qarışması "Neftçi" üçün göydəndüşmə idi. Amma artıq nə Qurbanov yığmadadı, nə də "Qarabağ" avrokuboklarda. Bu üzdən son illərin dəyişməz çempionundan bu ünvanı almaq üçün "Neftçi"nin bir şansı var: heyəti ikiqat gücləndirmək. Nəzərə alaq ki, rəqib də uğurlarının memarlarından olan Riçard Almeyda və Reynaldonu qaytarıb. Belə məqamda futbol ictimaiyyəti, eləcə də "Neftçi" azarkeşləri klub rəhbərliyindən birbaşa heyətdə oynayacaq futbolçular transfer etməyi gözləyir.

İkinci yarının startına cəmi 2 həftə vaxt qalıb və ilk oyun da məhz "Qarabağ"a qarşıdı. Bəs "Neftçi" mübarizənin həlledici mərhələsinə və əsas rəqibi ilə duelə hazırdımı? Düz-əməlli oyun göstərməsələr də, tez-tez meydana çıxan Slavko Braliç, Kvame Karikari özünə klub axtarır, Qoran Paratskinin taleyi yeni gələcək oyunçulardan asılıdı. Bunların fonunda rəhbərlik, Kamran Quliyev - Ceyhun Sultanov cütlüyü komandanı mamadularla "gücləndirib". Biri seneqallı mərkəz müdafiəçisi, digəri isə qvineyalı orta sahə oyunçusu.

İndi də baxışa nigeriyalı Yesse Sekidikanı cəlb ediblər. çempionluğa oynayan komandanın hələ də baxışa futbolçu gətirməsi gülüncdü. Bizi maraqlandıran məqam "Neftçi" rəhbərinin niyə məhz afrikalılara üstünlük verməsidi. Avropanın ən böyük klubları belə, son illər həlledici mövqelərdə (oyun qurucusu, pleymeyker) ya cənubi amerikalıları, ya da avropalıları oynadırlar. çünki "qara qitə"nin nümayəndələri yaradıcılıqdan çox mübarizəni sevirlər. Ancaq Kamran müəllim düşünür ki, Kane komandanın "beyni", Sekidika isə "döyünən ürəyi" olacaq.

Kanenin "Neftçi" ilə necə anlaşdığını yəqin heç kim unutmayıb. Uzun müddət futbol oynamayan 22 yaşlı yarımmüdafiəçi baxışdan keçdi, getdi ölkəsinə, sonra qayıdıb müqavilə bağladı. Elə Soni Mustivar da oynamaya-oynamaya baxışa gəlmişdi. İndi isə 8 aydı yaşıl meydanlara həsrət qalan Sekidika 1-2 "fint" göstərsə, Bordin alqışlayacaq, Quliyev də müqavilə masasına dəvət edəcək.

"Neftçi" sanki küçədə qalanların sığınacaq yeridi. Məlum məsələdi, özünə klub tapmayanların qiyməti ucuz olur. çünki hansısa komandada oynamaq üçün hər təklifə "hə" deməkdən başqa yolları yoxdu. Xüsusən də, afrikalılar su qiymətinədi.

Görünür, Quliyev futbolun bəxş etdiyi bu boşluğu yaxşı tutub. Baxışa çağırır, ayağı top tutan kimi ucuz qiymətə anlaşır. Müqaviləyə yazılan məbləğ isə... Yəqin başa düşdünüz.

Belə oyunçulara qazanc gözü ilə baxılmaz. Komandanı gücləndirmək istəyən rəhbər küçədə qalanı gətirməz, öz klubunda aparıcı oyunçu olan biri üçün "savaşar".

Kamran bəy hələ də "Sumqayıt" ab-havasından çıxa bilməyib, hansı kluba rəhbər gəldiyini başa düşmür. "Neftçi" lider olduğu çempionatı birinci yerdə tamamlaya bilməsə, bunun günahını kənarda axtarmağa ehtiyac qalmayacaq. çünki klub prezidenti əməlləri ilə çempionluq yoluna böyük maneələr çıxarır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest