"Neftçi"nin Manavqatda çempionatın qalan bölümünə necə hazırlaşdığını zaman göstərəcək. Bu gün üçün bilinən bəlli həqiqət var: "ağ-qaralar"ın heyətə qatdığı iki Mamadu çempionluq uğrunda mübarizədə "Qarabağ"ı üstələmək üçün yetərli deyil.

24 futbolçuyla Türkiyədə təlim-məşq toplanışı keçirən liderin güclənməsi, Avroliqada mübarizəni dayandıran və bütün diqqətini daxili yarışlara yönəldən Ağdam komandasına rəqabət yaradacaq duruma gəlməsi hamımızın arzusudu. Klub rəhbərliyinin SOCAR-dan əlavə vəsait almaq üçün bütün əlaqələrini işə salması başqa, büdcəni göyə sovurmaq əvəzinə istiqamət üzrə xərcləməyi bacarmaq, transfer məsələlərində mümkün qədər az səhvə yol vermək başqa...

Nə yazıq ki, Bakı təmsilçisini çempionluğa qovuşdurmaq hədəfi bu gün klubda rəhbər vəzifələri tutanların nüfuzu və yürütdüyü siyasətlə üst-üstə düşmür. Başdan başlayaq, ikinci, üçüncü dərəcəli idarəçilər haqda sonra danışsaq da olar.

Yox, çingiz Abdullayevi demirəm. Xalq yazıçısının yazı üslubu acgözlüklə oxuduğum digər yazarlarınkından çox fərqlənsə belə, Müşahidə Şurasının sədri Azərbaycan üçün olduqca dəyərli simadı. özünü kiməsə şirin satmaq üçün tərif yağdırdığını, "bütpərəstlər" sırasına qoşulduğunu da görməmişəm. Deməli, dünyaca məşhur azərbaycanlı həm də milyonlar üçün böyük örnəkdi. çingiz müəllimdən danışarkən komandanın uğursuz transferlərini ortaya atmaq, hələ də təzminat davasını sürdürən Kvame Karikarinin, Slavko Braliçin timsalında onlarla lazımsız legionerin hardan və niyə "xalq komandası"na gətirildiyini ortaya atmaq düzgün olmaz. O, futbol təsərrüfatına neftin pulu ilə maliyyələşən kluba nəzarət etmək, büdcə oğurluğuna imkan verməmək üçün dəvət edilib. Bu idman növünün Azərbaycansayağı reallıqlarının çoxundan xəbərsiz və ya böyük qismi haqda az məlumatlı olduğuna da əminəm.

"Sumqayıt"dan "götürülüb" Bakı klubuna "qoyulan" Kamran Quliyev isə səriştəsizdi. Nə xarizması yaşı səksəni ötmüş "Neftçi"də əsas söz sahibi olmasına imkan verir, nə də münasibət qurmaq məharəti. Sumqayıt təmsilçisində Quliyevin başqanlığı dönəmində baş menecer qismində çalışan Ceyhun Sultanovla ölkənin ən "qocaman" camiəsində eyni nəticələri göstərmək cəhdi sadəcə gülüncdü. "Ağ-qaralar"ın idman direktoru özü də yəqin, geridə qalan müddətdə bunu anlamağa imkan tapıb.

İndi klubda struktur əvvəlkindən çox fərqlidi. Sadıq Sadıqovun prezident postunu tutduğu vaxtlarda vitse-prezident Tahir Süleymanov sinəsini zərbə altına verən əsas fiquruydusa, hazırda Elnur Eyvazov tam fərqli işlərlə məşğuldu. Eyvazov rəhbərlikdə yer alan digər şəxslərin sponsorun - SOCAR-ın pulunu cibinə doldurmasına imkan verməmək, bir növ ARDNŞ ilə "Neftçi" arasında körpü rolunu oynamaqla işini bitmiş sayır. Əlbəttə ki, bacardığı, təcrübəsi imkan verdiyi qədər...

Dəqiqləşdirsək, gənc kadr ona tapşırılan işi həvəslə yerinə yetirməyə can atır, ümidləri doğrultmaq naminə çarpışır.

Kamran bəyin öz günahlarını onun-bunun üstünə atmaqda mahir olduğunu bilməyən yoxdu. Adam simasını futbol ictimaiyyətinə göstərəndən bəri eyni qaydada işləyir. Qarşısına çempionluq məqsədi qoyulmuş klubun başqanının "Neftçi"nin ən böyük, ən çılğın azarkeş qrupu ilə münasibətləri iyrənc həddə çatdırmasına isə izah tapmaq çətindi. İşini bilən, klub prezidenti postunun nə dərəcədə məsuliyyətli "kreslo" olduğunu anlayan insan belə siyasi səhvə yol verməməliydi. "Neftçi" ağırlıqda adın altında azarkeşlərlə mətbuat vasitəsi ilə "atışmaq", "Forza Neftçi" fanklubunun üzvləri üçün arzuolunmaz şəxsə çevrilmək fərasətsizlik, işbilməzlik deməkdi. Azərbaycan futbolunun öz həqiqətləri var. Yəni "odlar yurdu"nda Avropa standartları prizmasından "quru" açıqlamalar vermək, vəziyyətdən çıxış yolu tapmaq əvəzinə sudan quru çıxmağa çalışmaq lazımsız gedişlərdi. Quliyev başa düşməlidi ki, "Neftçi" rəhbərlik üçün ayrılmış lojada, zəngin çay süfrəsi arxasında oyunlara baxan müvəqqəti adamların yox, fanatların, onu maaş almadan, büdcədən pul oğurlamadan sevənlərindi.

Kamran bəy tutduğu yolun fiaskoya apardığını anlamalı, özündən öncə bu klubda idarəçilik edənlərin fəaliyyətinə nəzər salmalı, öyrənməli və yenə də öyrənməlidi. 7 il öncə ölkə futbolu tarixində ilkə imza atan, idman ictimaiyyətinin təfəkkürünü dəyişərək Avroliqanın qrupunda top qovmağın nağıl olmadığını sübuta yetirən, çempionluqları sıralayanlar əsl fanatlarla çiyin-çiyinə dayanırdı. Azarkeşin "böyük oyun"da sınmış fotoaparatının pulunu ödəmək, polis zorakılığı zamanı kreditə götürdüyü telefonu sıradan çıxan fanata yenisini bağışlamaq, tribunaların hər çağırışına əlini sinəsinin üstünə qoyub "can" demək bu qədər çətindi? Sizcə, APOEL-lə Avroliqanın pley-off mərhələsinin ilk oyununda "poqonlular"ın təzyiqinə cavab olaraq tribunaya qalxan, şəxsən azarkeşlərə nə dərəcədə hörmət etdiyini göstərən Tahir Süleymanov yanlış yol tutmuşdu?

Bəlkə sabiq vitse-prezidenti buna məcbur edən var idi? Bu başqa məsələ ki, Süleymanovu Quliyevlə tərəzinin bir gözünə qoymaq ən azı böyük günah olar. Kamran bəydən fərqli saçını, saqqalını futbolda ağartmış beynəlxalq dərəcəli hakim indiki "Neftçi" rəhbərliyinə - prezidentindən tutmuş idman direktoruna qədər ustad dərsi keçməyə qadir və layiq biridi. Telefonu, fotoaparatı öz cibinin puluyla almasaydı, əsl azarkeşlərə həmrəylik nümayiş etdirməsəydi, o "Neftçi" də indiki komanda kimi Biləcəridən o tərəfə getməzdi.

Nihat Ağasoy

Fanat.az 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest