"Oyun çox çətin hava şəraitində keçdi. Yağışın yağdığını başa düşürəm. Amma matçın əvvəlindən sonuna qədər bu, dayanmadı". Matç.az saytı xəbər verir ki, bunu "Pyast"ın baş məşqçisi Valdemar Fornalik deyib.

Polşa klubu Antalya toplanışı çərçivəsində "Qarabağ"la dünən yoxlama görüşü keçirib və 1:1 hesablı heç-heçə edib. Klubun rəsmi saytına açıqlamasında görüşü dəyərləndirən Fornalik komandasından razılıq bildirib: "Reklama ehtiyacı olmayan çox güclü komanda ilə qarılaşırdıq. Buna baxmayaraq, bir çox məqamlarda rəqiblə başabaş mübarizə apara bildik. İlk yarıda bir və ya iki qol vəziyyətimiz oldu. İkinci hissə də bunun bənzəri idi. Ola bilsin ki, 100 faizli qol imkanı yarada bilmirdik. Ancaq rəqibin qapısı qarşısında təhlükəli anlar yaşatmağı bacardıq. Fiziki cəhətdən də yaxşı görünürdük. Normal şəraitdə oyunun necə nəticələnəcəyini deyə bilmərəm".

Oyun "Gloria Sports Arena"nın əsas meydançasında başlasa da, ikinci hissə digər meydanda keçirildi. 56 yaşlı mütəxəssis belə vəziyyətdə heç kimin zədələnməməsini böyük şans hesab edir: "Mübarizənin ön planda olacağı bəlli idi. Təəssüf edirəm, çünki hər iki komanda normal futbol oynamaq istəyirdi. Leysana baxmayaraq, meydançanın əla vəziyyətdə olduğunu deməliyəm. Hesab edirəm ki, bu rəqiblə başqa meydanda matçı bitirə bilməzdik. Əsas odu ki, bütün futbolçular oyunu zədə almadan başa vurdular. çünki belə hallarda oyunçuların zədələnmə ehtimalı yüksək olur. Hər sərt müdaxilədə ürəyim əsirdi. Xoşbəxtlikdən kobud futbol oynamayan rəqibə rast gəldik. Bəzən elə komandalarla oynamalı olursan ki, onlar hansısa olmayan haqq-hesabı kompensasiya etmək istəyir".

Bu, "Pyast"ın təlim-məşq toplanışı çərçivəsində təbii örtükdə ilk oyunu idi. Fornalik bildirib ki, yeni şərtlərə uyğunlaşmaq asan deyil: "Bundan əvvəl zalda və süni örtükdə məşqlər edirdik. İlk dəfə bazar ertəsi təbii örtükdə hazırlaşdıq. Futbolçularımız bura tez uyğunlaşa bildilər".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest