Son günlərin ən böyük hadisəsi, şübhəsiz ki, "Neftçi"nin "Bursaspor"la əməkdaşlıq müqaviləsi imzalamasıdı. Bu amil futbolçularını Superliqada görmək arzusunda olan bizlər üçün bir ümid işığı oldu.

"Neftçi"nin yaxın illərdə hətta bir yerli oyunçusunun "Bursaspor"un heyətində Superliqada oynamasına belə, razıyıq. Təbii ki, Bursa klubu aşağı liqaya düşməsə. Ancaq Türkiyə təmsilçisinin prezidenti Ali Ayın dediklərindən belə başa düşdük ki, bu əməkdaşlıq sırf reklam xarakteri daşıyır. Yəni prezident yaxın gələcək üçün futbolçu transferini planlaşdırmadıqlarını etiraf etdi (hərçənd bu gedişlə "Bursaspor" I liqaya yuvarlanmasa yaxşıdı).

"Neftçi"nin prezidenti Kamran Quliyev isə "ölkənin ən böyük və tarixin ən qədim klubuyuq. SSRİ dağıldıqdan sonra 8 dəfə çempionluq yaşamış klubuq" kimi iddialı sözlərlə həmkarının könlünü tumarlayıb. Bəli, "Neftçi" Azərbaycan tarixinin ən böyük, ən çox çempion olmuş kubudu. Axı bundan Kamran bəyə nə? Bu 8 çempionluğun hansında əvəzsiz xidmətləri olub ki, hər uğuru öz adına götürür?

"Fənərbaxça" ilə oyunu tribunadan izləyən "Neftçi"nin rəhbəri bursalılara "möhtəşəm stadionunuz var. Sizdən örnək alacağımız çox şey var" deyir. üstəlik, onları Bakıya da dəvət edir. Görəsən Quliyev həmkarını nə ilə feyziyab etməyi düşünür? Hazırkı bazasında xarabalığa çevrilmiş meydançanı? Birdən Ali Ay desə ki, sizinlə birlikdə biz də Bakıya gedirik... O zaman "flaqman"ın ağsaqqalı haranı öz bazaları kimi təqdim edəcək?

"Neftçi"nin bazasındakı mənzərəni görməyə ürək dayanmaz. Təmtəraqla, sinələrini irəli verərək təqdim etdikləri meydançada ot örtüyündən başqa nə desən tapmaq olar. Meydançada bir qapının ağzı necə bataqlığa dönübsə, həmin qapını "boğulmaması" üçün mərkəzə çəkiblər. Görünən odu ki, "Neftçi" Antalyaya gedəndə Bakıda adam saxlamayıb.

Kamran bəyin hər cümləsində "Neftçi" ailəsi sözü var. Evin içindəkindən xəbəri olmayan (və ya yeni örtüyün alınması üçün qəsdən bu hala gətirən) Kamran Quliyevin Avropaya açılma arzusu ancaq "Bursaspor"la imzalanan kasad müqavilə qədər olar. 6 aylıq futbolçular üçün büdcədən yüzminlərlə pullar çıxarılır. Həmin legionerlər harda məşq edəcəklərini bilsələr...

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest